"Novruz bayramına cəmi 4 gün qalıb. Biz düşündük ki, bəlkə SOCAR "Azəriqaz" rəhbərliyi də bayram ab-havasına düşüb 2025-ci ilin bonusu ilə bağlı bir əmr verə, biz qara fəhlələr də sevincdən səməni qoyaq, tonqal qalayaq..." "DİA-AZ" xəbər verir ki, bu sözlər sözügedən qurumun işçisi Daşqın Abbasov tərəfindən ünvanlanmış müraciətdə yer alıb.
SOCAR Azəriqaz İstehsalat Birliyinin əməkdaşları adından edilən müraciətdə daha sonra deyilir: "Axı siz həmişə beynəlxalq təcrübəyə açıq rəhbərlik olmusunuz. Gürcüstana baxdınız, Türkiyəyə baxdınız, oradakı modelləri nümunə götürdünüz. Dedik bəlkə bu dəfə də onların bayram bonusu ənənəsinə bir göz gəzdirəsiniz. Yox əgər uzağa baxmaq çətin olarsa, heç olmasa "Azərenerji"yə tərəf bir boylanmaq da olar.
Onsuz da bizi çox düşündüyünüz üçün maaşı bayramdan sonra, bəzən də təxminən 10–11 gün gecikmə ilə “sürpriz” kimi təqdim edirsiniz. Biz də SOCAR ailəsinin üzvləri kimi sizi yenə xatırlayıb deyirik: “Var olun, çox yaşayın.”
Ümid edirik ki, bir gün bonus xəbəri də bizim üçün Novruz tonqalı kimi qəfil alovlanar. O gün biz də deyərik: möcüzələr hələ də var imiş..."








