İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin gizli şəkildə müalicə üçün Moskvaya aparıldığı barədə yayılan iddialar beynəlxalq gündəmi silkələyib.
Musavat.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu məlumatlarla bağlı verilən sualı cavablandırarkən məsələni nə təkzib, nə də təsdiq edib. "Biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik", - deyə Peskov qısa və sirli cavab verməklə kifayətlənib.
Xarici kəşfiyyat mənbələri və bəzi müstəqil monitorinq qrupları iddia edirlər ki, İranın rəhbərliyində baş verən qəfil dəyişikliklərdən sonra yeni Ali Rəhbərin səhhətində ciddi problemlər yaranıb və o, təhlükəsizlik mülahizələri ilə Rusiyanın paytaxtındakı ən yüksək səviyyəli hərbi klinikalardan birinə yerləşdirilib. Bu iddiaların xüsusilə İsrail və ABŞ-ın İrana endirdiyi intensiv zərbələr fonunda ortaya çıxması diqqət çəkir.
Peskovun şərh verməkdən imtina etməsi diplomatik dairələrdə bu məlumatın həqiqət ola biləcəyinə dair şübhələri daha da artırıb.
Analitiklər hesab edirlər ki, əgər bu məlumat doğrudursa, bu, Tehran və Moskva arasında hərbi müttəfiqliklə yanaşı, ən yüksək səviyyədə şəxsi etimadın və kritik vəziyyətin göstəricisidir. Hazırda rəsmi Tehran da məsələ ilə bağlı susqunluğunu qoruyur, lakin sosial şəbəkələrin İran seqmentində Ali Rəhbərin harada olduğu barədə müzakirələr qızışmaqdadır.








