Ermənistanın Baş naziri Nikol Paşinyan yeni silahları nümayiş etdirmək niyyətindədir.
Musavat.com bildirir ki, bu barədə yerli media yazıb.
“İki-üç ay əvvəl elan etmişdim: aldığımız silahları görmək istəyən vətəndaşları aparıb onlara hər şeyi göstərəcəyəm. Artıq bir neçə qrup dəvət olunub və nümayiş etdirilib, lakin vətəndaşların sayı o qədər də çox deyil. Biz belə bir nəticəyə gəldik ki, bunu hamıya, ictimaiyyətə göstərmək lazımdır”, - deyə Paşinyan bildirib. Lakin bunu o, “sülh kontekstində” edəcəyini söyləyib: “Çünki Ermənistanın qonşuları ilə heç bir gərginliyi yoxdur. Ümid edirəm ki, qonşularımız bunu təcavüz aktı kimi qəbul etməyəcəklər”.
Baş nazir əsasən 2022-ci ildən bəri əldə edilən silahları nümayiş etdirmək niyyətində olduğunu söyləyib. Ötən ilin noyabrında o, yeni silah nümunələrini 50 nəfərə qədər vətəndaşdan ibarət qruplara nümayiş etdirmək mümkünlüyünü açıqlamışdı. Söhbət hansı silahlardan gedir? Niyə indi? Bu, seçki təbliğatının bir hissəsidir, yoxsa?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a qeyd edib ki, Paşinyan müxalifəti susdurmağa çalışır.
“Seçkilər yaxınlaşdıqca, müxalifətin hökumətə təzyiqləri artacaq. Əsas təzyiq alətlərindən biri də odur ki, Ermənistan ordusu zəifdir, Paşinyan kifayət qədər silah sursat almayıb. Paşinyan da bunun əksini həm müxalifətə, həm də cəmiyyətə sübut etməyə çalışır ki, Azərbaycanla müharibədən sonra kifayət qədər silahlar alınıb, ölkənin ordusuna xeyli maliyyə ayrılıb. İndi bunu nümayiş etdirməyə çalışır və hərbi parad barədə fikirləşir”,_ ekspert belə deyib.
Onun fikrincə, Paşinyan əvvəlcədən deyir ki, bu parad Azərbaycana qarşı deyil: “Yəni ölkəmizin adını çəkmir. Sanki Azərbaycana mesaj verir ki, müxalifətə və cəmiyyətə nümayişdir. Paradda nümayiş etdiriləcək silahlara gəldikdə isə Rusiyadan qalan köhnə silahlar göstəriləcək. Əsasən Fransa və Hindistandan alınan yeni silahlar nümayiş etdiriləcək”.








