“Azərbaycan teatrlarında bir problem tamaşaçıdırsa, digər problem də repertuar seçimidir. Bu çox ciddi bir məsələdir. Baxmayaraq ki, teatrlarımızın əksəriyyətində yeni tamaşalar səhnələşdirilir. 2024-cü ildə cəmi 50 yeni tamaşa səhnələşdirilib. Amma 2005-ci ildə bu rəqəm 109 olub. Teatrlarda bu gün tətbiq olunan yeni model daha çevik teatrı nəzərdə tutur. İnanırıq ki, bu modelin tətbiqi ilə teatrlarda yeni tamaşaların sayı artacaq. Demək olar ki, müasir mövzulu tamaşalar repertuarda yoxdur. Bütün teatrların repetuarına baxsaq ya müasir dramaturqların yazdığı tarixi əsərlərdir, ya da klassik əsərlərdir. Bizim müasir dramaturqlarımız belə tarixi əsərlər yazırlar. Ona görə də bu gün repertuarımızda müasir insan, müasir cəmiyyət öz əksini tapmır. Demək olar ki, tamaşaçını teatrlardan qaçırdan səbəblərdən biri də budur”.
Bunu Moderator.az-a açıqlamasında teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov bildirib.
O daha sonra Xankəndi Dövlət Dram teatrının hazırda təmir olunduğunu və fəaliyyət istiqamətindən xəbərsiz olduğunu deyib:
“Eşitmişəm ki, vaxtilə Şuşada fəaliyyət göstərən teatrı Xankəndinə köçürəcəklər. Bu haqda məlumatım yoxdur, sadəcə mən də sizin kimi eşitmişəm. Çox istərdim ki, Şuşa teatrı elə Şuşada qalardı, Xankəndi teatrı da elə öz yurdunda fəaliyyətini davam etdirərdi. Çünki Şuşa Dövlət Musiqili Dram teatrı adından da göründüyü kimi musiqili teatrdır. Şuşa özü də musiqi beşiyimizdir. Xankəndi teatrı da dram teatrı olaraq fəaliyyətini davam etdirə bilər. Mən bunun tərəfdarıyam. Xankəndi Dövlət Dram teatrında 90-cı illərə qədər Azərbaycan dramaturqlarının əsərləri səhnələşdirilib. Onlar Bakıda bir neçə dəfə qastrol səfərində olublar. 70-ci illərdə ideoaloji məsələlər artdığından teatrda da şovinist mövqe yüksəlib. Ona qədər bu teatrın Azərbaycan dramaturgiyası ilə güclü əlaqələri olub. Bu teatrın erməni aktyorlarının əksəriyyəti Bakıda institutu bitiriblər. Teatrın müəyyən inkişaf göstəriciləri olub”, - deyə teatrşünas bildirib.








