
Azərbaycanda dövlət tibb müəssisələrində çalışan həkimlərə ödənilməsi nəzərdə tutulan bonuslar aylardır gecikdirilir.
"DİA-AZ" nocomment.az-a istinadla bildirir ki, bəzi tibb mərkəzlərində çalışan həkimlərə verilən əlavə ödənişlər artıq 5 aya yaxındır hesablarına köçürülmür.
Məlumata görə, tək paytaxtda deyil, Sumqayıt şəhərindəki tibb mərkəzlərində də həkimlərin bonusları keçən ilin oktyabr ayından ödənməyib.
Daha bir problem bonusların əməkhaqqı ilə eyni gündə ödənilməsidir ki, bununla da, daha çox vergi tutulmasına şərait yaradırlar.
Mənbələr bildirir ki, bəzi müəssisələrdə, o cümlədən Klinik Tibb Mərkəzində bonuslar əməkhaqqı ilə eyni gündə verildiyi üçün daha yüksək vergi tutulur və bu da həkimlərin gəlirlərinin azalmasına səbəb olur.
Həkimlərin əlavə ödənişlərinin gecikməsi təkcə maddi vəziyyətə təsir etmir. Bu həkimlərin motivasiyasını da azaldır, iş yükü ilə bağlı stressi artırır. Nəticədə bəzi həkimlər daha stabil maliyyə və karyera imkanları üçün özəl klinikalara, hətta xaricə üz tutmağa meyllənir ki, bu da gələcəkdə dövlət xəstəxanalarında həkim çatışmazlığına səbəb ola bilər.
Bundan əlavə, bonusların ödənilməməsi xəstələrin seçim imkanlarını da məhdudlaşdırır.
Həkimlərin iş şəraitindən narazı olmaları onların xəstələrə göstərdiyi xidmətin keyfiyyətinə də təsir edə, dövlət tibb sektorunun ümumi fəaliyyətinə ziyan vura bilər.
Həkimlərin maddi durumunun sabitləşdirilməsi, bonus ödənişlərinin vaxtında həyata keçirilməsi və iş şəraitinin yaxşılaşdırılması sahədəki narazılıqların aradan qaldırılması üçün vacibdir.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi sorğu göndərilsə də, hələ ki cavab verilməyib.








