Ali Məhkəmədə vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Rəhman Qurbanəlizadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2023-cü ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, R.Qurbanəlizadə ona küçədə sataşan Emin Məmmədovu döyüb, daha sonra onun telefonunu alıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxs Emin Məmmədov isə ifadəsi zamanı təqsirləndirilən şəxsin ona dəyən ziyanın ödədiyini və ondan şikayətçi olmadığını bildirib. R.Qurbanəlizadəyə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.








