Azərbaycanda rus dilinin tədrisi,rus sektorunun olması zaman-zaman müxtəlif şəxslər tərəfindən gündəmə gətirilib, müzakirə obyektinə çevrilib. Hətta təkliflər edilib ki, "ölkədə bu dil tədris edilməsin, rus dilində tədris olmasın". Əslində bu da yanlış yanaşmadır. Söhbət təkcə rus dilindən getmir. Hərhansı bir ölkə ilə münasibətlər soyv ə hətta gərgin ola bilər.Amma burada həmin ölkənin dilinin öyrənilməməsi, tədris olunmasıan məhdudiyyətin qoyulması təklifi düzgün deyil. Birincisi, əlavə dil bilmək üstünlükdür. İkinci məsələ, insan gərək hətta düşməninin də dilini bilsin. Bu baxımdan rus dili ilə bağlı müzakirələr sözsüz ki, yersiz görünür”.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fərqli dillərdə təhsilin hər zaman lehinə olub: “Düşünürəm ki, bizim övladlarımız nə qədər fərqli dillərdə danışa biləcəklərsə, bu onlar üçün əlavə üstünlük deməkdir. Bu, dünyagörüşünün artmasına imkan verməklə yanaşı, onların müxtəlif dillərdə elmi ədəbiyyatlara çıxışını təmin edə bilər və onların gələcək beynəlxalq əmək bazarında layiqli yer tutmalarında faydalı ola bilər. Eyni zamanda bu dillərdən biri də rus dilidir. Rus dili çox böyük dildir. Düzdür, Rusiya dövləti tərəfindən Azərbaycana qarşı biz zaman-zaman məqsədli təhdidlər görmüşük, məqsədli planların şahidi olmuşuq. Baxmayaraq ki, qonşu dövlətdir və Azərbaycanla Rusiya əlaqələrinin yaxşı olan vaxtları da olub, hətta gərgin olan vaxtlar da olub cəmiyyətimizdə, on illərdə bu dövlətin Azərbaycana qarşı tutduğu münasibətə adekvat olaraq bir narazılıq ifadə olunur. Bizim dövlət siyasətimizdə hər zaman qonşu dövlətlərə münasibətdə dostluq, əməkdaşlıq, qarşılıqlı etimad mühiti olub. Yəni, hər zaman biz belə görmüşük, qonşu dövlətlərlə münasibətlərin yaxşı olmasının tərəfdarı olmuşuq. Son hadisələr, xüsusilə Rusiya tərəfindən Azərbaycana qarşı olan təhdidlər, Rusiya cəmiyyətindəki məqsədli və idarə olunan çağırışlar, eyni zamanda Azərbaycanın mülki təyyarəsinə qarşı edilən terror, silahlı basqın, günahsız insanlarımızın qətli, ondan öncə Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı, həm də işğala şərait yaradan tərəf olaraq Rusiya tərəfinin mövqeyi, ondan əvvəl 20 Yanvar hadisəsinin xalqımıza qarşı həyata keçirilən qətliamın, Xocalı faciəsi və s. bütün bunları da biz görmüşük. Bütün gördüklərimiz haqlı olaraq cəmiyyətimizdə bəzən haqlı narazılıq doğurub”.
Təhsil eksperti hesab edir ki, bütün bunlara baxmayaraq, rus dilini bilmək və rus dilində tədris aparmaq bizim ölkəmiz üçün ziyanlı ola bilməz.
“İstər rus dilli məktəblər olsun, istər rus bölməsi olsun, istər ingilis bölməsi olsun, istər alman bölməsi olsun, istər fransız fərqi yoxdur, yəni hansı dildə tədris aparılmasından asılı olmayaraq məktəblərimizdə şagirdlərə ilk növbədə ana dili mükəmməl şəkildə öyrədilməlidir. Hansı dildə təhsil almasından asılı olmayaraq, biz şagirdlərimizə tarixi öyrətməli, onlara milli-mənəvi dəyərləri aşılamalıyıq. Azərbaycanda xeyli sayda təbii ki, kifayət qədər rusdilli insanlar var ki, onlar heç də Azərbaycandilli insanlardan az vətənpərvər deyillər. Heç də azərbaycandilli vətəndaşlarımızdan, milli mənafe dövlət mənafeyinin qorunmasında geri qalmırlar. Bu, sadəcə həm də bir tərbiyə məsələsidir”-deyə İlqar Orucov qeyd edib.
Təhsil eksperti bildirib ki, burada məktəblərin də missiyası var: “Proqramlar elə qurulmalıdır ki, hansı dildə təhsil almasından asılı olmayaraq, şagird öz dövlətinin dilini mükəmməl bilsin, ailədə danışıq səviyyəsində və ya məişət dili səviyyəsində yox, dilin incəliklərinə və qrammatik normalar onlara aşılansın”.
İlqar Orucov qeyd edib ki, eyni zamanda bu, Azərbaycan tarixinin tədrisinə də aiddir.
“Biz işlərimizi bu şəkildə qura bilsək, formalaşdıra bilsək, təhsilimiz daha uğurlu olar. Bizim dövlətlər arasında münasibətlərdə müəyyən soyuqluq var. Bu, Rusiyanın siyasi dairələrindən qaynaqlanan münasibətdir və məhz, onların münasibətindən irəli gələn soyuqluqdur. Onun mənbəyi Rusiyanın siyasi dairələridir, hakim dairələridir. İki qonşu dövlətik, nə biz burdan köçən deyilik, nə Rusiya dövləti öz qonşuluğumuzdan çıxan deyil. Yəni bərabər yaşayacaq. Yenə də ümid edirəm ki, Rusiya tərəfi öz səhvini başa düşüb, etiraf edib addımlar atsa, yəqin ki, münasibətlər yaxşılaşacaq. Biz qonşularımıza qarşı pis münasibətdə olmamışıq və onlara göstərdiyimiz münasibətin adekvat münasibəti də onlardan gözləmişik, bu gün də gözləyirik. Ona görə də, burada günahkar rus dili deyil. Burada günahkar Rusiyanın şovinist siyasət yeridən dairələrdir. Rus dilini bilmək əlavə üstünlük deməkdir və eyni zamanda buna paralel olaraq qeyd etdiyim məqamlar nəzərdən keçirilməlidir və diqqətdə saxlamalıdır. Biz sağlam vətəndaş yetişdirmək istəyiriksə, həmin vətəndaşa öz dilini bilməyi aşılamalıyıq və öz vətəninin, dövlətinin, xalqının tarixini ona öyrətməliyik, onu milli dəyərlər ruhunda tərbiyə etməliyik. Belə olduğu təqdirdə, mən dilin tədrisində hansısa bir təhlükəni və yaxud zərərlərin olacağını və qəbul etmirəm”-deyə İlqar Orucov bildirib.









