“Biz Ukraynada sülhün əldə edilməsi və müharibənin dayandırılması üçün ABŞ prezidenti Donald Trampın növbəti sülh təşəbbüsünü görürük. ABŞ əvvəlcə sülhə nail olmağı düşünür və bunun üçün əlindən gələni edir. Məncə, bütün cəhdlər sülhün bərqərar olmasına yönəlib. Hazırda ABŞ-ın bu məsələ ilə məşğul olan diplomatları aktiv şəkildə çalışır və tərəflərlə müzakirələr aparırlar”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Rusiya və Ukrayna arasında sülhün əldə edilməsi məqsədilə ABŞ tərəfindən hazırlanmış 28 maddəlik sülh planını şərh edərkən bildirib.
A. Mollazadə hesab edir ki, Rusiya 28 maddəlik sülh planına razılıq verməli və Ukraynada apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Onun fikrincə, Rusiya sülh planı ilə razılaşmasa, bu ölkəyə qarşı təzyiqlər artacaq və iqtisadi böhran daha da dərinləşəcək: “Sülh prosesi ilə paralel olaraq Rusiyaya təzyiqlər davam etməlidir ki, yekunda razılıq əldə olunsun. Hazırda ən vacib məsələ atəşkəsin təmin edilməsidir. Çünki yüzlərlə, minlərlə insan, mülki əhali günahsız yerə həlak olur”.
Sülh sazişinin guya Ukraynanın maraqlarına cavab vermədiyinə dair iddialara münasibət bildirən A. Mollazadə qeyd edib ki, proses uzun çəkəcək və hazırda sülh danışıqlarının ilkin mərhələsi yaşanır. Onun sözlərinə görə, əvvəlcə atəşkəs təmin edilməli, daha sonra danışıqlar mərhələsinə keçilməlidir: “Ən vacib və ən əhəmiyyətli məsələ müharibənin dayanmasıdır. Bundan sonra danışıqlar və müzakirələr aparılmalıdır”.









