Parlamentin Terrorsuz Türkiyə Komissiyası PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüş üçün İmralı həbsxanasına nümayəndə heyəti göndərməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, qərar komissiyanın dünənki iclasında verilib.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müttəfiqi Milliyyətçi Hərəkat Partiyası (MHP) qərarı dəstəkləyib. Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) isə partiyadan heç kimin İmralıya getməyəcəyini açıqlayıb.
CHP-nin qərarı PKK-ya yaxınlığı ilə seçilən Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) ciddi təpkisinə səbəb olub. Partiya buna etiraz edən bəyanat verib.
Bundan əlavə, İmralıya gedəcək nümayəndə heyətində yer alan DEM Partiyasının millət vəkili Pərvin Buldan məsələ ilə əlaqədar X hesabında belə bir paylaşım edib:
“Ana müxalifət partiyası DEM Partiyasıdır. Nöqtə”.
Buldan daha sonra narazılıq yaradan və ana müxalifət partiyası CHP-nin üzvlərinin sərt təpkisinə yol açan paylaşımını silib.









