“Televiziyadan uzaqlaşıb yenidən teatra qayıtmağıma peşman deyiləm. Əksinə, çox rahatam. Hətta düşünürəm ki, televiziyadan vaxtında getmişəm. Çünki televiziyalarımızdakı 100 verilişdən ikisi maarifləndiricidir, baxımlıdır. Qalanı demək olar ki, çox bayağı verilişlərdir. Mən də heç vaxt bayağı verilişlər aparmaq fikrində olmamışam. İndiki telekanalların əksəriyyəti baxılası deyil”
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev deyib. O daha sonra arzularından danışıb:
“Mən rejissor deyiləm, sırf teatr və kino aktyoruyam. Amma rejissor kimi uşaq tamaşalarında özümü sınamışam. Uğurlu da alınıb. Bunu teatr rəhbərliyi də, tamaşaçılar da deyir. Gənclər üçün öz dramaturgiyamızdan klassik bir əsər səhnələşdirmək istərdim. Yəqin ki, gələcəkdə bu arzum yerinə yetəcək. Aktyor kimi bir neçə klassik əsərlərdə rol almışam, amma yenidən aktyor kimi klassikada oynamaq istərdim. Qismət olarsa bunları həyata keçirməyi planlaşdırıram” deyə aktyor bildirib.
Mehman Piriyev bildirib ki, aktyor səhnədə rolundan başqa heç nəyi düşünməməlidir:
“Təbii ki, buna görə də aktyorun vəziyyəti, maddi durumu mütləq şəkildə yaxşı olmalıdır. Aktyorun evi olmalıdır. Maddi durumu çətin olsa da, yaxşı olsa da zatən aktyor öz işini görür. Bu elə bir sənətdir ki, insanın canında, qanında var. İnsan aktyor, rəssam, musiqiçi doğulur. Bu sonradan olmur. İnsanın canında, qanında olur. Dünyaya bu istedadla gəlir. Digər ölkələrin aktyorları ilə müqayisədə bizim aktyorların maddi durumu heç də yaxşı deyil. Bizdə o qədər də ürəkaçan deyil” deyə aktyor bildirib.
Mehman Piriyev teatrın bina problemindən də danışıb:
“Bəli, teatrımızın bina problemi illərdir ki, var. Hazırda teatr Qurban Abbasov adına mədəniyyət evində yerləşir. Mədəniyyət evi Qaraçuxurdadır. Məsafə uzaqdır. Hələ ki, bizə bina verilməyib. Səhnədəki bir çox şeyləri teatr özü üçün qismən də olsa ərsəyə gətirib. İşıq, musiqisistemi, dekorasiya və s. Şərait ürəkaçan olmasa da bir çox tamaşalarımızı orada oynayırıq. Aktyorlar 2-3 otaqda məskunlaşıb. Eyni yerdə paltar dəyişirlər, məşq edirlər, yemək yeyirlər. Bu bir qədər çətinlik yaradır” deyə Mehman Piriyev bildirib.









