Yerli vətəndaşlar və xarici turistlər istirahət üçün Azərbaycanın səfalı bölgələrinə üz tuturlar. Ancaq bir çox bölgələrimizdə aidiyyatı yerlərdə zibil qutuları tapılmadığından ətraf mühit çirkləndirilir.
Mövcud vəziyyət Qax rayonunun Qaxbaş kəndində də müşahidə edilir. Belə ki, sabiq icra başçısı Musa Şəkiliyevin həbsindən öncə kəndin müxtəlif küçə və məhlələrində yerləşdirilən zibil qutuları götürülüb. Sakinlərin sözlərinə görə, onlar tullantıları atmaq üçün məcbur mərkəzə qədər xeyli yol qət edirlər və ya məcbur olub təbiəti çirkləndirirlər.
Məsələ ilə bağlı ərazi üzrə bələdiyyədən Pravda.az-a bildirilib ki, bu, sabiq icra başçısının başına gələnlərlə bağlı deyil:
“Həmin xidməti Kommunal təsərrüfat müəssisəsi göstərirdi. Daha sonra effekt vermədiyi üçün həmin xidmət dayandırılıb. Həm zibil pulunun yığımı ilə bağlı problem yarandı, maliyyə cəhətdən çətin oldu, həm də itlər zibilləri dağıtdığı üçün antisanitar vəziyyət yaranırdı. Bir çox ucqar kəndlərdə zibil qutuları yoxdur. Ancaq yenidən xidməti aktiv etmək istəyirlər”.
Bələdiyyədən onu da qeyd ediblər ki, bu səbəbdən insanlar tullantıları ya mərkəz tərəfə gedib zibil qutularına atmalıdırlar və ya qaydaya uyğun olaraq zərərsizləşdirməlidirlər.









