Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır.
Noyabrın 21-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, Ərazi partiya təşkilatının sədr və müavinləri, partiya veteranları və fəalları, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Təşkilatın iclas zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.









