Təəssüf ki, ən müxtəlif ideyaları, xüsusilə də ölkənin ictimai rəyinə kənardan ötürülən saxta mülahizələri əlində “bayraq” edənlər illərdir ki, olduqca sadə bir tarixi həqiqəti anlaya, qavraya bilmirlər və yaxud anlamaq, qavramaq istəmirlər.
Çağdaş Azərbaycan türkləri, azərbaycanlılar yaşadığımız coğrafiyadan daha böyük bir ərazidə dövlətlər quran, mədəniyyətlər yaradan bir xalqın, millətin nümayəndələridir. Yəni biz əcdadları dövlət qurucusu olan bir millətin törəmələriyik. Törəyən də bizik, törədən də, elə törənin özü də… BİZİK!
Bizə qarşı aparılan ideoloji savaşın nütfəsində də, məhz sarsılmaz dövlətçilik yaddaşımız, genlərimizə həkk olunmuş azadlıq sevdası və bütün bunlara qarşı illərlə aparılan savaşın uğursuzluğundan doğan qəzəb, hikkə dayanır.
Biz böyüklərimizə hörmət qoyan millətik. Ancaq öncə öz böyüklərimizə - atamıza, anamıza, böyük qardaş və bacılarımıza, nənə və babamıza, ulu əcdadlarımıza… Böyük saydıqlarımız üçün ayağa qalxarıq, amma təzim etmərik. Qanımızda saxta lütfkarlıq yoxdu və bu səbəbdən nə əl öpərik, nə də öpdürərik… Söhbət əsl türk-türkmən törəsindən, əxlaqından gedirsə, o da bizdədir…
Bir neçə il öncə Azərbaycanın tarixi şəxsiyyətlərinə, dövlət xadimlərinə qarşı açılan uğursuz savaşın tezis müəlliflərinə xitabən “Heç kim bizdən əzik toplum düzəldə bilməyəcək” yazmışdım. Bu gün də eyni fikirdəyəm.
Bizə əyalət, vilayət, ostan kimi baxmaq istəyən “bostan müqəvvaları” azad və müstəqil yaşamaqdan, şərəflə, qürurla ömür sürməkdən, dövlətlər qurmaqdan, bayraqlar ucaltmaqdan yoğrulmuş yaddaşımızı ideoloji sapıqların dili və əli ilə korşaltmağa çalışırlar. Nəticəsi olmayacaq!
Çünki doğuluşdan sevdamız Azərbaycanın istiqlalıdır.
Bizim istiqlal və azadlıq sevdamız bütün bağlayıcılardan əvvəl gəlir. Kim “VƏ”dən sonra düzlənmək, yaxud farağat dayanmaq istəyirsə, fərd olaraq, öz işidir. Amma Azərbaycan vətəndaşları üçün üçrəngli Azərbaycan bayrağından uca bayrağın, Azərbaycan dövlətindən uca dövlətin olmadığını da anlamalı, qəbul etməlidirlər.
Bir zamanlar, torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində müvəqqəti məğlubiyyətin ağırlığına tab gətirməyib mərkəzdənqaçma yolunu seçənlər konfederasiyadan, hətta federasiyadan dəm vuranlar bu gün Azərbaycan dövlətçiliyinin tarixini şübhə altına almaqla eyni natamamlıq kompleksi ilə hərəkət edirlər. Ümid edirəm, bütün bunlar şəxsi qənaətlərin, subyektiv yanaşmaların ortaya çıxardığı mülahizələrdir. Arxasında Azərbaycanın ictimai rəyi ilə manipulyasiya edib üstünlük qazanmaq və bunu biznes sferası da daxil olmaqla çeşidli maraqlarını təmin etmək üçün fürsətə çevirmək istəyənlərin hiyləsi dayanmır.
…Azərbaycan hər zaman Türk Birliyinin ideya mərkəzi olub. Hətta bəzən bizdən gedən ideyaların “yamaqlı əba”da və başqa ad altında geridönüşünə şahidlik etsək də belə, birlik məfkurəsinin önündə yer almışıq.
Bu gün biz Türk Dövlətləri Təşkilatı da daxil olmaqla müxtəlif regional və qlobal təşkilatlarda ona görə söz sahibiyik ki, müstəqil və güclü dövlətimiz, zəngin təbii resurslarımız, geostrateji mövqeyimiz və milli iradəni ifadə edən liderimiz var.
Və əgər bütün bunlar olmasaydı… bizi, hətta bağlayıcılardan sonra da yada salmayacaqdılar. Acıdı, amma reallıqdı…
Azərbaycanımız, dövlət qurucularımız, tariximiz, tarixi şəxsiyyətlərimiz, nəhəng mədəniyyətimiz, dilimiz, milli düşüncə sistemimiz sayı 50 milyondan çox olan, fitrətdən istedadlı, ənənələrinə sahib çıxan, milli və bəşəri humanizm dəyərlərinin ən səmimi daşıyıcısı olan bir xalqın, bir millətin bütövlüyünün təməl sütunlarıdır.
Bizim milli inanc və düşüncə sistemimiz yalnız və yalnız bərabərhüquqlu, qarşılıqlı inteqrasiyanı qəbul edir, ekspansiyanı yox.
Bu gün “Azərbaycançılıq ölüb” deyə saç yolan devşirmə vətənsizlər öldüklərinin, ölü ideyaları ilə məzar bədənlərinə gömüldüklərinin fərqində deyillər. Anlamırlar ki, azərbaycançılıq bizim milli immun sistemimiz, genetik kodlarımızdan kərpic-kərpic hörülən müdafiə qalxanımızdır.
Evini sevməyən yurdunu, yurdunu sevməyən elini, elini sevməyən Vətənini, Vətəni sevməyən dövlətini sevə bilməz! Yəni Azərbaycanı, onun tarixini, tarixi şəxsiyyətlərini, dövlət qurucularını, mədəniyyətini, dilini, milli düşüncə və inanc sistemini, adət-ənənəsini, həm də bütöv halda sevməyənlər Türk Dünyasını da sevə bilməzlər. Belələrinin türkçülüyü də “devşirmə türkçülük”dür. Yəni maraq türkçülüyü, mənafe millətçiliyi…
Elçin Mirzəbəyli - deputat
"DİA-AZ"
























