Faktum.az xəbər verir ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi dövlət satınalmaları portalında ümumi məbləği 73 min manatdan çox olan üç yeni satınalma müqaviləsi barədə məlumatları açıqlayıb.
Dövlət portalına daxil edilən rəsmi göstəricilərə əsasən, xəstəxana “STERİLMED” MMC (VÖEN: 1806787531) ilə 62.835 AZN məbləğində tibbi alətlərin və digər malların satın alınması üçün açıq tender müqaviləsi bağlayıb. Şəffaflıq portalında dərc olunma tarixi 7 avqust 2026-cı il görünsə də, müqavilənin icra müddəti 09.07.2026 – 30.12.2026 kimi qeyd edilib. Eyni tarixdə dərc olunan ikinci müqavilə isə AR Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəz (VÖEN: 1000476851) ilə bağlanan 10.030 AZN-lik ödənişli arxiv xidmətlərinin satın alınmasıdır. Birbaşa satınalma metodu ilə həyata keçirilən bu işin icra müddəti 27.07.2026 – 27.07.2027 tarixlərini əhatə edir. Üçüncü satınalma isə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi Şəxsi (VÖEN: 1300226541) ilə Radiologiya şöbəsində ionlaşdırıcı qurğuların təsirinə məruz qalmış yeni 3 nəfər işçinin xarici şüalanmasının fərdi dozasının təyini xidmətidir. 566,4 AZN məbləğində olan bu birbaşa satınalmanın da dərc olunma tarixi 7 avqust 2026-cı il olsa da, icra müddəti 23.06.2026 – 23.06.2027 göstərilib.
Dövlət və publik hüquqi şəxslərin satınalmaları şəffaf və normativlərə uyğun aparılmalı olsa da, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi bu sənədlərdə ciddi prosedur pozuntuları və sual doğuran məqamlar üzə çıxır. Ən diqqətçəkən detal satınalmaların portala dərc edilmə vaxtı ilə işlərin başlama tarixləri arasındakı ziddiyyətdir. Məlumatların hər üçü portala eyni gündə – 07 avqust 2026-cı il tarixində yerləşdirilib, lakin müqavilələrin icra müddəti həftələr, hətta aylar geriyə gedir. Radiasiya dozasının təyini xidmətinin başlama tarixi 23 iyun, tibbi alətlərin satınalması 9 iyul, arxiv xidməti isə 27 iyul göstərilib. Müqavilənin icrasına başlanıldıqdan və ya faktiki razılaşma əldə olunduqdan həftələr sonra sistemə elan yerləşdirilməsi satınalmaların kağız üzərində formal həyata keçirildiyi şübhəsini yaradır.
Bununla yanaşı, “STERİLMED” MMC ilə bağlanan 62,8 min manatlıq “Açıq Tender” müqaviləsində icra tarixi 9 iyul göstərildiyi halda elanın avqustda verilməsi rəqabət mühiti ilə bağlı suallar doğurur. Dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən, açıq tenderlərdə digər iddiaçılara təklif vermək üçün müəyyən müddət tanınmalıdır. İşin icra tarixi artıq iyul ayında başlayıbsa, avqustda dərc edilən bu tenderdə digər şirkətlərin iştirakına necə şərait yaradıldığı qaranlıq qalır. Digər tərəfdən, xəstəxananın daxili sənədlərinin qaydaya salınması və arxivləşdirilməsi üçün 10 min manatdan çox vəsaitin tender keçirilmədən, birbaşa müqavilə ilə ayrılması xidmət qiymətinin real bazar dəyərinə nə dərəcədə uyğun olduğunu müzakirə mövzusu edir.





















