"Hər gün Xəzər sahilindən vedrə-vedrə balaca xərçəngkimilər (#Gammarus növləri) akvarium balıqları üçün yem kimi toplanır. Amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciətdə deyilir.Müraciətdə daha sonra belə deyilir: "Bəli, bunlar nadir növ deyil. Amma təbiətdə “nadir deyil” demək “sonsuzdur” demək deyil. Ekosistemlərin çoxu məhz belə gözə görünməyən, dəyəri hiss edilməyən canlıların üzərində dayanır. Bu balaca xərçəngkimiləri sahil zonasında üzvi maddələri parçalayır, suyun qida dövranında iştirak edir və minlərlə köçəri quş üçün mühüm qida mənbəyidir. Onların azalması təkcə bir xərçəngkiminin azalması deyil; sahil quşlarının qidasının azalması, qida zəncirinin zəifləməsi və bütöv ekosistemin tarazlığının pozulması deməkdir.
Təəssüf ki, bu toplamanın miqyasına, dayanıqlılığına və təsirinə nəzarət yoxdur. Nə qədər götürülür? Hansı sahələr daha çox istismar olunur? Populyasiyalar özünü bərpa edə bilirmi? Bu sualların cavabını bilmədən davam edən istismar uzunmüddətli risk yaradır.
Təbiətin çöküşü adətən bir anda baş vermir. Əvvəlcə “adi” canlılar azalır, sonra quşlar azalır, sonra sahillər səssizləşir. Və bir gün geriyə baxıb deyirik: “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Təbiəti qoruma yalnız ceyran və ya qartal üçün deyil. Bəzən ekosistemin taleyi ovuc içində görünməyən balaca bir xərçəngkiminin taleyindən asılı olur..."

















