Bəzən tarix elə anlar yaradır ki, kimin həqiqətən dost olduğunu həmin anlar göstərir. Çətin günlərdə yanında olanı unutmaq mümkün deyil.
Çünki dar gündə deyilən bir söz, göstərilən bir dəstək illər keçsə də yaddaşlardan silinmir.
Azərbaycanın taleyinin həll olunduğu, xalqımızın ən həssas və ağır günlərdən keçdiyi dövrlərdə ölkəmizin haqq səsini açıq şəkildə müdafiə edən liderlərdən biri də Pakistanın keçmiş Baş naziri İmran Xan idi.
O, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə açıq dəstəyini ifadə etdi. Bu münasibət təkcə iki dövlət arasında diplomatik əlaqələrin nümunəsi deyildi.
Bu, eyni zamanda qardaşlığın, qarşılıqlı hörmətin və etimadın göstəricisi idi.Məhz buna görə də bu gün Azərbaycanda minlərlə insan İmran Xanın adını çəkəndə onu sadəcə başqa bir ölkənin siyasətçisi kimi deyil, çətin günlərdə Azərbaycanın yanında olmuş bir dost kimi xatırlayır.
Bu gün isə zaman dəyişib. İmran Xan uzun müddətdir hüquqi və siyasi proseslərlə üz-üzədir və onun vəziyyəti Pakistan daxilində və beynəlxalq ictimaiyyətdə geniş müzakirə olunur.
Dünyanın müxtəlif ölkələrində insanlar bu prosesləri diqqətlə izləyir və ədalətli hüquqi yanaşmanın vacibliyini vurğulayırlar.
Həyatın ən böyük həqiqətlərindən biri budur: güclü olmaq yalnız hakimiyyətdə olmaq deyil. Bəzən insanın əsl gücü çətinliklər qarşısında necə dayanması ilə ölçülür.
Tarix dəfələrlə sübut edib ki, zaman keçir, vəzifələr dəyişir, amma insanların yaddaşında qalan onların tutduğu prinsipial mövqedir.Azərbaycan xalqı yaxşı bilir ki, dostluq qarşılıqlı hörmət üzərində qurulur.
Bizə uzadılan dost əlini, haqq səsimizi müdafiə edənləri və çətin günlərdə yanımızda olanları unutmaq xalqımızın xarakterinə uyğun deyil.Bu gün İmran Xan haqqında danışarkən söhbət təkcə bir siyasətçidən getmir.
Söhbət çətin zamanda dostluq nümayiş etdirmiş bir insandan gedir. Məhz buna görə də onun adı Azərbaycanda hörmətlə xatırlanır.Ümid edirik ki, Pakistan xalqı qarşıdakı dövrdə birlik, sabitlik və inkişaf yolunda irəliləyəcək, bütün hüquqi məsələlər qanunun aliliyi və ədalət prinsipləri çərçivəsində həllini tapacaq.
Çünki güclü dövlətlərin təməlində həmişə hüquq, sabitlik və xalqın iradəsinə hörmət dayanır.Dostluğun sərhədi olmur.
Həqiqi dostluq nə zamanın, nə məsafənin, nə də siyasi dəyişikliklərin təsiri ilə dəyərini itirir.
Azərbaycan xalqı çətin günlərdə yanında olan dostlarını unutmur.
Sima Babayeva - "DİA-AZ"



















