"Çimərliklərdə, özəl də daxil, niyə tibbi xidmət yoxdur? Kimdir günahkar? Bu zəruri tibbi xidmət sahəsinə hansı dövlət qurumları nəzarət etməlidir?" "DİA-AZ" xəbər verir ki bunu özünün etiraz dolu müraciətində tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Ən əsası isə 2024-cü ilə qədər Bakıda 18 çimərlikdə növbətçilik edən Təcili Tibbi Yardım briqadaları indi niyə fəaliyyət göstərmir? Əgər qanun dəyişməyib, TTY (Təcili Tibbi Yardım) direktoru dəyişibsə, deməli səhiyyədə qanun da, konstitusiyasının maddələri də dəyişsə, heç nə dəyişmir, müdir dəyişəndə hər bir şey dəyişir. İndi FHN -nin əsasnaməsində Sularda xilasetmə və tibbi xidmət idarələri, TƏBİB-də isə bütün Respublika üzrə təcili tibbi yardımın göstərilməsi nəzərdə tutulub.
TƏBİB deyir ki, çimərlikdə ambulans xidməti göstərmək mənim işim deyil, FHN isə yəqin ki, Sularda xilasetmə onun işi deyil deyəcək.
Zənnimcə, Nazirlər kabineti 1998-ci ildə 216 nömrəli qərarının 2.2.10 bəndinə dəyişiklik etməlidir. Həmin qərarda yazılır: "çimərliklərdə Təcili Tibbi Yardım məntəqəsi yaradılmalıdır"!?? Ancaq təəssüf ki, NK göstərmir ki, TTY hansı qurum yaratmalıdır. Həmin hüquqi boşluqdan istifadə edən FHN və TƏBİB isə kənardan seyr etməklə məşğuldur.
Eyni zamanda dənizi hasarlayıb özəl çimərlik yaradanlara lisenziya şərti kimi tibbi xidmətin təşkilini qoymaq olmazdımı? Əgər onlara bir ambulans xidməti tələbi qoyularsa, özəl çimərliyin sayı bu qədər olmaz.vÖlkəmizdə səhiyyənin inkişafı, təşkili və idarə edilməsinə baxın: 100 nəfər tamamilə sağlam gəncin imtahanına, 25-30 nəfər tamaşaçısı olan futbol yarışına, kino, multfilm və s TTY briqadaları göndərilir, 1000-1500 nəfər çimərlikdə olana isə yox.
Fikrimcə, NK hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırmalıdır, Cinayət Məcəlləsinin 143-cü maddəsi (əhalini təhlükədə qoyma?), Vəzifə səhlənkarlığı ucbatından ölümlə nəticələnən hadisələr...
Onu da deyim ki, imtahan zamanı Təbib Bakıda fəaliyyət göstərən 130 (bəlkə də ambulans nasazlığı, həkimlərin işə çıxmaması səbəbindən 110) TTY briqadalarının yarısını sağlam gənclərə göndərir, yəni təxminən 40-45 minə də, 2 milyon 500 minə də 60 briqada.Hələlik direktor belə olduqca ictimai təhlükəli vəziyyətlərə fikir vermir....
***
FHN isə deyə bilər: Mənim işim boğulanı xilas etməkdir, tibbi yardım yox!..
***
P.S: Konkret olaraq mənim işlədiyim müddətdə ən azı 15-16 nəfərin boğulmadan həkimlər tərəfindən xilas edildiyinin şahidi olmuşam, ancaq çimərlik növbətçiliyi sayəsində...
***
P.P.S: TƏBİB yalnız "103"xidməti əsasında çimərliyə ambulans xidməti göstərə bilər, deyimi yanlışdır. Suda boğulma yalnız bir neçə dəqiqə ərzində tibbi yardım göstərildikdə effektli olur..."





















