“Həmin ağır günlərdə ölkəmiz ərazilərini itirdi, düşmən (Rusiya) torpaqlarımızı işğal etdi, kəndlərimizi və insanlarımızı itirdik. Təəssüf ki, bu işğal hələ də davam edir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
“Bu gün, heç vaxt olmadığı qədər, Gürcüstan müstəqil və suverendir. Ölkənin milli maraqlarını müdafiə edən azad hakimiyyəti var və bu hakimiyyət ərazi bütövlüyümüzün bərpa olunması üçün əlindən gələni edəcək. Bizim məqsədyönlü siyasətimiz var və bu siyasət osetin və abxaz qardaşlarımızla sülh yolu ilə barışığa, vahid dövlət daxilində dinc birgə yaşayışın davam etdirilməsinə və inkişafına xidmət edir.
Əminəm ki, getdikcə daha çox insan dövlətimizin daşıdığı bu ruhu bölüşəcək. Heç kimin Abxaziya və Sxinvali (Cənubi Osetiya) olmadan Gürcüstanın mövcud olacağını təsəvvür etdiyi reallıq yoxdur. Hər kəs anlamalıdır ki, Gürcüstanın heç bir vətəndaşı heç bir mərhələdə bu ərazilərin Gürcüstandan kənarda qalmasına imkan verməyəcək. Bu, aksiomdur və heç kim bunu inkar edə bilməz. Buna görə də hamımız bu ruhla yaşayırıq”, - dövlət başçısı bildirib.


















