Şimali Avropanın və Baltikyanı dövlətlərin liderləri Ukraynaya hərbi dəstəyi davam etdirmək və Avropanın müdafiəsini gücləndirmək niyyətində olduqlarını açıqlayıblar.
APA-nın xəbərinə görə, birgə bəyanat İsveç, Danimarka, Norveç, Finlandiya, İslandiya, Latviya, Litva və Estoniyanın rəhbərləri ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən telefon danışığından sonra dərc edilib.
Sənədin mətni İsveç və Norveç hökumətlərinin rəsmi saytlarında yayımlanıb. Bəyanatda bildirilib ki, Ukraynaya davamlı yardım göstərmək qərarı yalnız Kiyevin təhlükəsizliyi ilə bağlı deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyinin qorunması ilə əlaqədardır. Onlar vurğulayıblar ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdiyi müddətcə, bu ölkələr sanksiyaların sərtləşdirilməsini və daha geniş iqtisadi tədbirlərin tətbiqini dəstəkləyəcəklər.
Bəyanatda qeyd olunur ki, Ukrayna sülhə nail olmaq üçün ciddi niyyətini davamlı şəkildə nümayiş etdirir, danışıqlara hazırdır və Prezident Zelenski ABŞ tərəfindən təqdim edilən sülh planı üzərində işləyir. Eyni zamanda, sənəddə Rusiyanın hələ də atəşkəs və ya sülhə aparan addımlarla bağlı heç bir öhdəlik götürmədiyi vurğulanır. Əksinə, Moskvanın Ukraynanın mülki əhalisinə və infrastruktura qarşı hücumlarını davam etdirdiyi qeyd olunur.
Qərb ölkələri Tramp administrasiyasının Ukrayna planına düzəlişlər istəyir
Bir sıra Qərb dövlətləri ABŞ Prezidenti Donald Tramp administrasiyasını Ukrayna üzrə təklif edilən nizamlanma planına yenidən baxmağa çağırıb. Xüsusilə birgə bəyanatda dövlət sərhədlərinin zor tətbiqi ilə dəyişdirilməsinin yolverilməz olduğu vurğulanıb və Ukrayna ordusunun sayının məhdudlaşdırılması ilə bağlı müddəa narahatlıq yaradıb.
Bu sənədə Almaniya, Böyük Britaniya, İrlandiya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Finlandiya, Fransa və Yaponiya liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Antoniu Koşta imza atıblar.
Trampın “sülh planı” nəyi nəzərdə tutur?
ABŞ tərəfindən hazırlanmış “sülh planı” hələ rəsmi şəkildə açıqlanmasa da, bir sıra media orqanları layihədən bəzi detallar yayıb. Məlumata görə, plana əsasən, Ukrayna müəyyən əraziləri Rusiyaya güzəştə getməli olacaq, ABŞ və Avropa isə ölkənin bərpasını maliyyələşdirməyi öhdəsinə götürəcək. Bundan başqa, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və Moskva ilə Vaşinqton arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.










