Üç dost yığışıb Nardarana "razborkaya" getmişdi. Mübahisə də qız üstündə idi. Söhbət zamanı qarşı tərəf dostlardan "qızı sevəni" səhv çıxarmışdı. Digər dost da bıçaqla səhv çıxarılan dostunun düz ürəyindən vurmuşdu ki, səhv olduğun söhbətə məni niyə çağırmısan. Yaralı maşınla xəstəxanaya aparılanda yolda ölmüşdü. Bu hadisə Nardaranda bir hacının bağ evində olsa da, məsələdən xəbər tutan hacı gecə ikən hadisə yerini dəyişdirmişdi. Guya hadisə dəniz kənarında olub. Bir müddət rayon prokurorluğunda istintaq olunan bu iş sonra Bakı şəhər prokurorluğuna verilmişdi. İşin istintaqını da şəhər prokurorluğunda mən apardım. İşlə tanış olduqdan sonra gördüm ki, bəzi sübutlar yerinə oturmur. Nəysə, qolumu çırmayıb girişdim işə və müəyyən etdim ki, hadisə yeri haradır, yəni Hacının evi. Bir neçə gündən sonra Hacı yanıma gəldi və təklif etdi ki, hadisəni onun evindən uzaqlaşdırım. Soruşdum ki, niyə? Dedi ki, Nardaranda hamı mənə hörmət edir, istəmirəm ki, bu məsələdə mənim adım hallansın. Elə həmin vaxt rayon prokuroru da mənə zəng edib xahiş etdi ki, Hacıya qulaq asım. Mən isə ikisinə də "yox" dedim. Bax elə bu cür "yoxlara" görə də qabağa gedə bilmədim. İndi bəzən fikirləşirəm ki, görəsən düzmü etmişəm və dəhral da cavab verirəm ki, bəli, düz etmişəm. Bax, indi nə hacı var, nə də rayon prokuroru...amma mənim vicdanım təmizdir, elə cibim kimi....
Müşfiq Abbasov - hüquqşünas
"DİA-AZ"










