Moderator.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4 ünvanında yerləşən “Amay” Ticarət Mərkəzinin 3-cü girişinin 2-ci mərtəbəsində fəaliyyət göstərən Devin Media “serial çəkilişində iştirak” vədi ilə vətəndaşlardan ödəniş alıb. Devin Media tərəfindən film və serial çəkilişlərində iştirak etmək istəyən şəxslərin cəlb olunması ilə bağlı elan yayımlanıb. Elanı görərək müraciət edən şəxslərdən ilkin olaraq qeydiyyat və WhatsApp qrupuna əlavə olunmaq üçün 20 manat ödəniş alınıb. 871 nəfərin hər birindən 20 manat ödəniş alınması nəticəsində ümumilikdə 17 420 (on yeddi min dörd yüz iyirmi) manat məbləğində ödəniş əldə edilib.
Saytımıza danışan şikayətçilərdən birinin sözlərinə görə, onun oğlu da elan əsasında müraciət edib, fotosu çəkilib və WhatsApp qrupuna əlavə olunub. Daha sonra həmin qrupda yüzlərlə şəxsin olduğunu gördüyünü bildirən şikayətçi qrupdakı şəxslərin də qeydiyyat üçün 20 manat ödədiyini qeyd edib. Qeyd edək ki, məsələ artıq “Xəzər Xəbər” proqramında da ictimaiyyətə çatdırılıb və sözügedən məsələ televiziya süjetində işıqlandırılıb. Hüquqşünas Xəyal Məmmədov saytımıza açıqlamasında bildirib ki, Devin Media tərəfindən 871 nəfərdən qeydiyyat adı ilə 20 manat alınması və nəticədə 17 420 (on yeddi min dörd yüz iyirmi) manat məbləğində vəsaitin toplanması ciddi hüquqi məsuliyyət məsələsi yaradır. Əgər araşdırma zamanı vətəndaşlardan pulun aldatma və ya etibardan sui-istifadə yolu ilə alındığı müəyyən edilərsə, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi – dələduzluq üzrə qiymətləndirilə bilər. 17 420 manat qanunvericilikdə nəzərdə tutulan “xeyli miqdar” həddinə daxildir. Bu halda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə 4 000 manatdan 7 000 manatadək cərimə, 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Burada söhbət sadəcə 20 manatdan getmir. Söhbət yüzlərlə vətəndaşdan eyni qaydada vəsait alınması barədə məlumatdan gedir. Buna görə hər bir ödəniş, elan, müqavilə, WhatsApp yazışması və vətəndaşlara verilən vədlər araşdırılmalı, vəsaitin hansı əsasla toplandığı müəyyən edilməlidir. Əgər pulun alınması zamanı vətəndaşların aldadıldığı və ilkin mərhələdən etibarən real olmayan vədlər verildiyi sübuta yetirilərsə, məsələ cinayət-hüquqi müstəvidə araşdırılmalı və təqsirli şəxslər qanun qarşısında məsuliyyətə cəlb edilməlidir.











