Xəbər verildiyi kimi, Elm və Təhsi Nazirliyi orta təhsil haqqında sənədləri (attestatlar) rəqəmsallaşdırılaraq elektron qaydada təqdim edir.
Rəsmi məlumatda bildirilir ki, məzunlar və valideynlər kağız daşıyıcı gözləmədən rəqəmsal attestat məlumatlarını elektron sistemlər vasitəsilə əldə edə və yoxlaya bilərlər. Ancaq yeni qərar kifayət qədər problemləri ortaya çıxarıb.
“Cebheinfo.az” xəbər verir ki, belə problemlərdən birini müğənni Murad Arif sosial şəbəkə hesabında ictimailəşdirib.
Onun yazdığı statusa çox sayda şərh bildirilib və problemin nə qədər böyük olduğu beləliklə ortaya çıxıb:
“Məlum olub ki, yeni qaydaya əsasən sənəd elektron formada, PDF şəklində verilir. Lakin bu elektron sənədi heç bir qurum qəbul edib apostil etmir. Uşaq xaricdə təhsil almalıdır, sənədlərin qeydiyyatı üçün isə vaxt gedir. Bu səbəbdən həm vaxt, həm də əsəb itiririk. Əgər yeni üsulla verilən attestatlar tam keçərli deyilsə, ya sistemi hərtərəfli işlək vəziyyətə gətirin, ya da insanlara əlavə çətinlik yaratmayın”.
Statusa yazılan şərhlərdən bəlli olub ki, övladları xaricdə təhsil almağa hazırlaşan valideynlər bu barədə məktəbə müraciət edəndə, onlara qaneedici cavab verilməyib.
Ən çox verilən cavab belə olub ki, valideynlər övladlarının xarici ölkədə qəbul olunduğu universitetə qəbul sənədini təqdim etdikləri təqdirdə onlara adi qaydada attestat verilə bilər.
Ancaq məlumdur ki, xarici ölkədə universitetə qəbul olunmaq üçün digər sənədlərlə bərabər attestat da apostil edilərək təqdim olunmalıdır, əks halda qəbul almaq mümkün deyil.
Qurum rəsmiləri xarici ölkələrdə ali məktəblərə qəbul olunmaq istəyənlərin müraciətinin iyun ayında qəbul edildiyini və onlara siyahıya əsasən kağız formatda attestat təqdim olunduğunu bildirsələr də, bu variant da keçərli deyil.
Vətəndaşın xaricdə təhsil almaq qərarını hansı ayda verəcəyinin onun təsil haqqında sənədi almasına nə dəxli var? Bəlkə hansısa abituriyent Azərbaycandakı qəbul imtahanının nəticələri açıqlandıqdan sonra və ya başqa səbəbdən, yaxud sadəcə istədiyindən xaricdə təhsi üçün avqustda, yaxud gələn il müraciət edəcək. Xaricd təhsil qərarını iyun ayında yox, avqust ayında verəcəksə, onu bu imkandan adı iyun siyahısında yoxdur deyə məhrum etmək olarmı?
Yazılan şərhlərdən də bəllidir ki, xaricdə təhsi almaq üçün sənədlərin hazırlığı kifayət qədər zaman, maddi vəsait aparan prosesdir. Təkcə attestatın apostil edilməsi 20 günə yaxın vaxt apara bilər.
Amma görünür, Elmə Təhsil Nazirliyində “müasir” qərarları verənlər onun yarada biləcəyi problemləri ya düzgün hesablamayılar, ya da bu, onları sadəcə maraqlandırmayıb.
Əks halda qərarları işlək mexanizm yaradılmadan, tələm-tələsik yenilik tərəfdarı görünmək xatirinə verməzdilər ki, insanlar çarəni problemi ictimailəşdirib diqqəti cəlb etməkdə axtarsınlar.
İşlək mexanizm isə sadəcə bir cümlə elandan keçir:"Adi qaydada attestat almaq istəyənlərin müraciəti müddətdən olmayaraq qısa zamanda təmin edilir".











