ABŞ-də yəhudi diasporunun tanınmış üzvlərindən biri, ölkənin ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Universe Holdings”in sahibi Henri Manuçerinin İslam dini haqqında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, Henri Manuçeri bu barədə Villiam Sternin aparıcısı olduğu məşhur “The Stern Talk” podkastına müsahibəsində danışıb.
Qeyd edək ki, verilişin aparıcısı Villiam Sternin iddia edib ki, İslam qaydalarında insanları aldatmaq üçün yalan danışmağa icazə verilir. Henri Manuçeri isə aparıcının bu iddiasını təsdiq edib və bildirib ki, o, bununla bağlı ərəb dilində olan ifadəni unutsa da, İslamda belə bir anlayış mövcuddur. Daha sonra aparıcı İslam dinində hiyləgərliyə icazə verildiyini bildirib və Henri Manuçeri onun bu sözlərini də təsdiq edib. Henri Manuçeri Nyu-York şəhərinin müsəlman əsilli meri Zohran Mamdani haqqında “Qoyun dərisi geyinmiş canavar” ifadəsi işlədib.
ABŞ ilə bərabər İsraildə də daşınmaz əmlak biznesinə sahib olan Henri Manuçerinin oğlanları – Aaron və Avi Manuçeri qardaşları isə Florida ştatının ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Manoucherı Brothers LLC” (“Manuçeri Qardaşları”) şirkətini idarə edirlər. Bu şirkət də “Universe Holdings”ə bağlıdır.
Onu da qeyd edək ki, “Manoucherı Brothers LLC” şirkətinin satınalmalar üzrə direktoru Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.
Şamxal Həsənli daha əvvəl Florida ştatının Mayami şəhərində aparıcı daşınmaz əmlak şirkətlərindən olan “Zylberglait Group”da işləyib. Bu şirkət ABŞ-nin və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. Şamxal Həsənlinin “Marcus and Millichap” şirkətində ermənilərlə birgə işlədiyi barədə Yeniavaz.com-da məlumat verilib.
Belə görünür, bu məlumat yayıldıqdan bir müddət sonra Şamxal Həsənli iş yerini dəyişib.
Onu da bildirək ki, Şamxal Həsənli 12 iyul 2022-ci il tarixində Mayamidə yerləşən “2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180” ünvanında “SOLIS DEVELOPMENT LLC” adlı şirkəti də qeydiyyatdan keçirib.
Qeyd edək ki, hazırda ailəsi ilə birgə Mayamidə yaşayan Şamxal Həsənli Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.









