Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə sazişi" adlandırılan yeni üçtərəfli müdafiə ittifaqı imzalayıblar. Hər üç ölkənin liderləri tərəfndən imzalanan sazişin əsas məqsədi kollektiv müdafiədir.
Bildirilib ki, "Məkkə sazişi" təcavüzün qarşısının alınması məqsədilə kollektiv çəkindirmə mexanizmini gücləndirməyə və müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlərini genişləndirməyə xidmət edir.
Türkiyə tərəfi bəyan edib ki, saziş hər hansı konkret ölkə və ya tərəfə qarşı yönəlməyib. Razılaşma regionun digər dövlətlərinin də qoşulması üçün açıqdır.
Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik, eləcə də, hərbi əməkdaşlığı özündə ehtiva edən "Şuşa bəyannaməsi" Azərbaycanın da bu ittifaqa qoşulma ehtimalını gündəmə gətirir.
Azərbaycanın bu ittifaqda yer almasının nə qədər real olduğu maraq doğurur.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan "Məkkə sazişi"ndəki ölkələrlə daha çox ikitərəfli əlaqələrə əhəmiyyət verir:
"Fikrimcə Azərbaycanın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqına qoşulması hələ aktual deyil. Bəli, Azərbaycan Türkiyə ilə strateji münasibətlərə malikdir və iki ölkə arasında Şuşa bəyannaməsi mövcuddur. Pakistan və Səudiyyə Ərəbistanı ilə də strateji tətrəfdaşlıq münasibətlərimiz var. Hər üç ölkə Qarabağın işğalına görə, Ermənistanla diplomatik münasibətlər qurmadılar. II Qarabağ müharibəsində əldə etdiyimiz zəfərə baxmayaraq, indinin özündə də hər üç ölkə Ermənistanla diplomatik münasibətləri bərpa etməyib. Türkiyə və Pakistan İrəvanla diplomatik təmaslar qursalar da, sülh sazişi imzalanmadan diplomatik münasibətləri bərpa etməyəcək. Bu Azərbaycanla əməkdaşlığa dəyərdən xəbər verir. Bütün bunlara baxmayaraq, Azərbaycan ikitərəfli əlaqələrə daha çox önəm verir".
Politoloqun fikrincə, İsraillə olan münasibətlər baxımından da Azərbaycanın bu ittifaqa daxil olması hələlik aktual deyil:
"Həm Pakistan, həm Səudiyyə Ərəbistanı, həm də daha çox Türkiyənin İsraillə münasibətləri mürəkkəb və gərgindir. Azərbaycan bu üçlü ittifaqa qoşulsa, İsrailə qarşı eyni mövqedən çıxış etmək məcburiyyətində qalacaq. Habuki indiki şərtlər daxilində Azərbaycan İsraillə əməkdaşlıq edir, onunla tərəfdaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən, məncə, Azərbaycanın hələ yeni yaranan üçlü ittifaqa qoşulması aktual deyil".









