Son illər toy etmək əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb.
Şadlıq saraylarında menyu və xidmət qiymətlərinin artması, eyni zamanda insanların gəlirlərinin bu xərclərə uyğun şəkildə artmaması bir çox ailənin toyla bağlı planlarına da təsir edir.
Buna görə də əvvəlki kimi hər həftə, hər gün toy olan bəzi şadlıq saraylarında tədbirlərin sayı azalıb. Toyların azalması isə şadlıq saraylarının fəaliyyətinə də təsirsiz ötüşmür.
Bəzi obyektlər kifayət qədər müştəri olmadığı üçün fəaliyyətini dayandırır, bəziləri isə satışa çıxarılır. Son günlər Bakıda iki şadlıq sarayının satışa çıxarılması da bu məsələyə diqqəti yenidən artırıb. Belə ki, Xətai rayonunda, “Neapol” dairəsi yaxınlığında yerləşən “Mirana Luxury” 5 milyon 500 min manata satışa çıxarılıb.
Qaraçuxur qəsəbəsində yerləşən “Cihan Saray” üçün isə 2 milyon 500 min manat qiymət müəyyənləşdirilib. Şadlıq saraylarının bir-birinin ardınca satışa çıxarılması bazarda böhran əlaməti sayıla bilərmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, toyların keçirilmə formasında və toy bazarında ciddi dəyişikliklər müşahidə olunur:
"Toy qiymətlərinin artmasını ümumi inflyasiya ilə əlaqələndirmək olar. Son illərdə ərzaq inflyasiyası kifayət qədər ciddi şəkildə artıb və qiymətlər hər il orta hesabla 5-8 faiz yüksəlib. Ərzaq məhsullarının bahalaşması isə birbaşa toy menyularının qiymətinə təsir göstərir.
Digər tərəfdən, Azərbaycanda evlənənlərin sayında da azalma müşahidə olunur. Bu tendensiya özünü həm nikah, həm də doğum statistikasında göstərir. Eyni zamanda, boşanmaların sayının artması da ailə institutunda müəyyən dəyişikliklərin baş verdiyini göstərir".
Onun sözlərinə görə, bunlarla yanaşı, gənclərin toy anlayışı da tədricən dəyişir:
"Əvvəllər böyük şadlıq saraylarında, çoxsaylı qonaqların iştirakı ilə keçirilən dəbdəbəli toylar daha çox üstünlük təşkil edirdisə, indi bəzi gənclər daha kiçik və fərqli formatlara üstünlük verirlər.
Məsələn, dəniz kənarında və ya daha kiçik məkanda yalnız yaxın dostların və ailə üzvlərinin iştirakı ilə mərasim keçirməyə üstünlük verənlərin sayı artır. Bütün bu amillər toy biznesində müəyyən çətinliklərin və böhranlı vəziyyətin formalaşdığını göstərir. Şadlıq saraylarının satışa çıxarılmasının səbəblərindən biri də məhz toyların sayının və böyük mərasimlərə tələbatın azalması ola bilər".
Ekspert qeyd edib ki, satışa çıxarılan şadlıq saraylarını alacaq şəxslərin məqsədi heç də həmişə toy biznesini davam etdirmək olmaya bilər:
"Alıcı həmin ərazinin torpaq sahəsinə görə obyektə maraq göstərə, burada başqa biznes qurmağı və ya mövcud tikilini sökərək yerində yeni bina inşa etməyi planlaşdıra bilər.
Yəni belə obyektlərin alınması yalnız toy biznesinə investisiya kimi qiymətləndirilməməlidir. Burada torpağın yerləşməsi, ərazinin kommersiya potensialı və gələcəkdə həmin sahədən necə istifadə ediləcəyi də əsas amillərdən ola bilər".









