ABŞ müdaxilə etməsəydi, İran hazırda nüvə silahına malik ola bilərdi.
Bunu ABŞ Prezidenti Donald Tramp “Real America’s Voice” kanalına müsahibəsində deyib.
O, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə bağlı siyasətini müdafiə edib.
Tramp qeyd edib ki, ABŞ müdaxilə etməsəydi, İran hazırda nüvə silahına malik ola bilərdi: “Əgər mən bunu etməsəydim, onlar hazırda nüvə silahına sahib olardılar və siz onlara “cənab” deyə müraciət edərdiniz”.
Tramp İranla bağlı ABŞ-ın qarşısında üç strategiyanın olduğunu bildirib. Onun sözlərinə görə, birinci variant mövcud təzyiq siyasətini davam etdirməkdir: “Onların vəziyyətinin nə qədər pis olduğuna baxın. Onlarda 300 faiz inflyasiya var. Valyutalarının demək olar ki, heç bir dəyəri yoxdur. Əsgərlərinə maaş vermirlər. Əsgərləri ordudan ayrılır”.
Tramp ikinci variantın İrana “çox-çox sərt zərbə vurmaq”, üçüncü variantın isə ölkəni iqtisadi cəhətdən məğlub etmək olduğunu vurğulayıb.
ABŞ Prezidenti İranın iqtisadi vəziyyətinin ağır olduğunu bildirərək əlavə edib: “Onlar pul borc ala bilmirlər. Biz onların pullarına nəzarət edirik. Onların çoxlu pulları var idi və biz buna tam nəzarət edirik. Mən onların bankiriyəm”.













