Şair İlham Qəhrəmanın yaradıcılıq yolu təkcə şeirləri ilə deyil, ədəbi mühitdəki mövqeyi və bir müddət əvvəl xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla məhkəmə çəkişməsi ilə də yadda qalıb. Məhkəmə prosesindən sonra ədəbi mühitdə üzləşdiyi çətinliklər İlham Qəhrəmanın yaradıcılıq fəaliyyətinə təsirsiz ötüşmədi. Bütün bunların fonunda poeziyaya sədaqətlə, işinə əzmlə davam edən şairlə yaradıcılığının bugünkü mənzərəsindən danışdıq.
– İlham müəllim, Yazıçılar Birliyi ilə məhkəmə çəkişməsində siz qalib gəldiniz. Bu qalibiyyət sizə nə qazandırdı?
Məhkəmə sadəcə vaxt itkisinə səbəb oldu
– Vallah, mən o məhkəmədə heç nə qazanmadım. Əksinə itirdiklərim oldu. Mən AYB üzvü olanda Yazıçılar poliklinikasına gedə bilirdim, orda ixtisaslı həkimlər var. AYB üzvlüyündən çıxandan sonra ora gedə bilmirəm. Uzun illər “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü olmuşam və qəzetdə mütəmadi çıxış etmişəm.
İndi həm redaksiya heyətindən çıxmışam, həm də çap olunmaq imkanımı itirmişəm. Buna baxmayaraq başımı aşağı salıb ədəbiyyat üçün əlimdən gələnləri etməklə məşğulam. Məhkəmə sadəcə vaxt itkisinə səbəb oldu. Amma, bununla belə əlimdəki işlərdən soyumadım. Məhkəmə gedə-gedə toplayıb tərtib etdiyim Eldar Baxışın “Zaman durna köçüdür” və Aşıq Alının “Nə qaldı” kitabının təkmilləşdirilmiş ikinci nəşri baş tutdu.
Eldar Baxış çap olanda AYB sədr müavini Rəşad Məcid sərgidə yaxınlaşdı, gördüyüm işə görə təşəkkür edib məndən kitab aldı. Məncə Apellyasiya Məhkəməsinin hakimi də ən düzgün qərar verdi: yazıçının işi məhkəmə çəkişmələri deyil, yazı masasında olmalıdır. Belə hesab edirəm ki, bu qərarla qarşı tərəfin təmsilçiləri də razılaşdılar, yəni sağlam düşüncə üstün gəldi. Əks təqdirdə AYB Ali Məhkəməyə üz tutardı. Proses uzana bilərdi. Apellyasiya Məhkəməsi çıxardığı qətnamə tərəflər arasında bərabərlik işarəsi qoydu.
Yenidən AYB-yə üzv olmaq istəyərdiniz?
– Bilirsiz təklikdə, yalquzaqlıqda lirika var. Amma, üzvlükdən çıxandan sonra xeyli qələm adamı məni AYB-də keçirilən tədbirlərinə dəvət ediblər. Üzv olmadığım üçün tədbirlərin heç birinə qatıla bilməmişəm. Bunu da özümə bağışlamıram.
Sizi tərk etdiyiniz Yazıçılar Birliyi ilə hansı hiss birləşdirir?
– Təəssüb hissi... Yazıçılar Birliyindən nə qədər incik düşsəm də, ona qarşı təəssüb hissi heç vaxt məni tərk etməyib. İnsan öz doğma evindən küsə bilər, amma, o evin təəssübünü həmişə çəkər. Mənə Yazıçılar Birliyinin öz içindən orda işləyənlər haqqında yalan-doğru xeyli ifşaedici məlumatlar dedilər, amma, mən onların heç birini açıqlamadım. Atalar deyir dalaşanda elə dalaş ki, barışmağa üz yeri qoy!
– Bəlkə də buna görə Yazıçılar Birliyini müqəddəs məbədə bənzətmisiniz...
Əzbərdən oxuduğum şeirlər həmin məbədin zahidi kimi etdiyim dualardır
– Hər axşam yatmazdan qabaq və hər səhər yuxudan oyanıb Dirili Qurbandan, Sarı Aşıqdan, Aşıq Valehdən, Tufarqanlı Abbasdan, Xəstə Qasımdan, Ağ Aşıq Allahverdidən, Aşıq Alıdan, Aşıq Ələsgərdən, Dadaloğludan, Qaracaoğlandan, Vaqifdən, Nəbatidən əzbərdən oxuduğum şeirlər həmin məbədin zahidi kimi etdiyim dualardır. Bir yazımda Yazıçılar Birliyini məscidə, poeziyanı isə onun minarəsinə bənzətmişəm. Bu gün də həmin fikrimdə qalıram. Poeziya hadisələrə daha tez və yüyrək dillə reaksiya verə bilmək qabliyyətinə malikdir.
– Şair, çıxışlarınızda bir gileyiniz də belədir ki, şeirləriniz xarici dillərə tərcümə olunmayıb.
– Bəli bu mövzuda da çox gileyliyəm. Mənim müsəlman şərq ruhuna bələnmiş xeyli şeirlərim var ki, onlar səriştəli tərcüməçilər tərəfindən başqa dillərə çevrilsə, xarici oxucu üçün maraqlı ola bilər. Axı hər bir müəllifin yaratdığı mətnlərdə bir az da bəşəri məzmun var. Mən Azərbaycan şairiyəm, yazdığım şeirlərdə Yer kürəsinin bir parçasının poeziyası, rəngi, şəkli var. Yaşadığım məkan haqqında, onun fəlsəfəsi, adət-ənənəsi haqqında informasiya var. Bir az da dərinə gedəndə alt qatda bir şairin taleyi var. Dünya poeziyası özündə fərdlərin yaratdığı ümumi harmoniyanı ehtiva edir. Bu bütün incəsənət sahəsində belədir.
– Bir az nəşrlərinizdən danışaq: bildiyim qədərilə Sarı Aşıqdan toplayıb tərtib etdiyiniz “Gül dəftəri”nin 3-cü nəşri ilə 4-cü nəşri arası qısa müddət çəkdi. Bu nə ilə əlaqədar idi, 3-cü nəşrin tirajı belə tezmi qurtardı?
– Bəli, üçüncü nəşrlə dördüncü nəşr arası 2 ay yarım çəkdi. İş burasındadır ki, üçüncü nəşri hazırlayanda tirajı artırmaq üçün Moldovada yaşayan iş adamı və xeyriyyəçi Vüqar Novruzova qohumları vasitəsiylə xəbər göndərdik. Bir ay gözlədik, xəbər çıxmadı. Məcbur qalıb kitabı 500 yüz sayla çapa verdik. Çap bitəndən sonra məlum oldu ki, Vüqar müəllimə məlumat təzə çatıb, kitabın çapını maliyyələşdirməyə hazırdır, sadəcə kitabda bu haqda gərək qeyd edilsin. 3-cü nəşri mətbəədən götürəndən sonra növbəti 4-cü nəşri çapa verməli olduq.
Çapdan sonra 4-cü nəşrin bir hissəsini mənim tövsiyəmlə sponsorun qohumları paylamaq üçün götürdülər. Qalan 100-dən artıq kitabı Sumqayıtda keçirilən tədbirdə Qərbi Zəngəzurun Mehri, Qafan, Gorus və Sisian icmaları arasında paylamışıq. Bir hissəsini də Şərqi Zəngəzurun Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının nümayəndələri arasında – hər bir rayona 15 kitab olmaqla – paylanmasını nəzərdə tutmuşuq. 4-cü nəşrin bir hissəsini də Laçında Sarı Aşığın qəbirüstü abidəsinin açılış tədbiri üçün saxlamağı düşünürük. Eyni zamanda aidiyyatı qurumlar istəsə, Laçın şəhər günü tədbirlərində də qonaqlara kitablardan paylaya bilərik.
Bu kitabı gəlin köçən qızlarımızın cehizinə qoşmaq lazımdır
– Niyə məhz Zəngəzur?
– Sadəcə Sarı Aşıq Zəngəzurdan olduğu üçün bu qərara gəldim. Haqq Aşığının qəbri də Laçının Güləbird kəndindədir. Həm də belə bir deyim var – əvvəl evin içi, sonra çölü. Mən istəyirəm ki, Zəngəzur camaatı Sarı Aşığın nə qədər böyük bir şair, övliya olduğunu görsünlər.
Yeri düşdükcə həmişə deyirəm: Haqq Aşığının bayatıları həm böyüklər, həm də azyaşlılar üçün ana dili kitabıdır. Kitabda dilimizin hər qatı, hər rəngi var. Filologiya üzrə fəlsəfə doktoru, dosent, Lüğətşünas Seyfəddin Altaylı “Gül dəftəri”ni oxuyandan sonra dedi ki, bu kitabı gəlin köçən qızlarımızın cehizinə qoşmaq lazımdır.
Dəqiq fikirdir. Sadəcə aidiyyatı qurumlar, vətənpərvər oğullar bu məqsədlə toplunu çap etmək istəsələr, kömək etməyə hazıram. Onda Haqq Aşığının kitabı daha geniş auditoriya qazanar.
Bizim.Media









