Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyard 880,5 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı 7,1% artıb.
Belə ki, ötən ilin ilk 9 ayında ölkəyə 1 milyard 755,8 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.
Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından bitki və heyvan mənşəli piylər və yağlar, miqdar baxımından isə buğda üstünlük təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycana 270,8 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 218,5 milyon dollar olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 0,81 dollar (1,30 manat) təşkil edib.
Yanvar-sentyabr ayları ərzində ölkəyə 878,7 min ton buğda ölkəyə gətirilib və dəyəri 188,6 milyon dollar olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 0,21 dollar (0,37 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, 33,3 min ton ət idxalının dəyəri 75,8 milyon dollar olub və 1 kiloqram üçün orta qiymət 2,27 dollar (3,9 manat) olub. 12,2 min ton süd və qaymaq idxalına 21,5 milyon dollar xərclənib (1 kq. üçün 3 manat). 19,8 min ton kərə yağı və süddən hazırlanan yağların idxalı üçün 136,4 milyon dollar ödənilib və 1 kiloqramın orta qiyməti 6,9 dollar (11,7 manat) olub.
Bunlardan başqa, 10,3 min ton çay idxalının dəyəri 64,2 milyon dollar təşkil edib, 1 kiloqramın gömrük dəyəri isə 6,2 dollar (10,6 manat) olub. 42,3 min ton düyü idxalının dəyəri 39,8 milyon dollar olub (1 kiloqram üçün 1,6 manat). 115,1 min ton bitki və heyvan mənşəli yağların idxal dəyəri isə 175 milyon dollar olub, 1 kiloqramın orta qiyməti 1,52 dollar (2,6 manat) təşkil edib.