“Bu isə daim öz çıxışlarında aşağıdan yuxarı bütün məmurlardan vətəndaşların müraciət və çağırışlarına vaxtında və gərəyincə cavab və reaksiya verməyi, onların qayğısına qalmağı tələb edən Prezident İlham Əliyevin daxili siyasətinə qarşı açıq sabotajdır...”
"Bəs əgər, Allah eləməmiş, bəhs etdiyimiz fövqəladə hal reallaşsa və nəticədə insanlar həlak olsa, bunun hüquqi məsuliyyətini kim daşıyacaq?.."
"Onu da deyək ki, biz ölkədə baş verən müxtəlif təbii və texnogen fəlakətlər: daşqınlar, sellər, subasmalar, yanğınlar, zəlzələlər və s. zamanı FHN əməkdaşlığının fədakarlıq göstərdiyini, neçə-neçə insanın həyatını xilas etdiyini, neçə binanı yanğından qoruduğunu görür, bilir və bunları yüksək dəyərləndiririk. Fəqət, indiki halda, konkret olaraq bizim problemimizlə bağlı bu qurumun reaksiyası heç cür tədqirəlayiq deyil..."
Moderator.az-ın elektron poçtuna Bakı şəhəri Yasamal rayonu ərazisində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında 28 ildir məskunlaşmı məcburi köçkünlərdən birinin müraciəti daxil olub. O, 10 aya yaxın müddətdə dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etməsinə baxmayaraq, vətəndaşın yaşadığı məkanda yaranmış və nəinki onun ailəsinin, yataaqxanadakı digər bir neçə ailənin, həmçinin hər dəqiqə binanın yaxınlığından keçə biləcək onlarla insanın, o cümlədən məktəb şagirdlərinin həyatına təhlükə yaradacaq fövqəladə halın aradan qaldırılması üçün heç bir tədbir görülmədiyini bildirir. Məcburi köçkün əlavə edir ki, o, FHN-nin elektron ünvanına yazılı müraciət göndərməyə çalışsa da, Nazirliyin saytındakı hansısa texniki problem ucbatından məktubu göndərmək mümkün olmur.
Vətəndaşın xahişini nəzərə alaraq onun FHN-ə müraciətini Moderator.az vasitəsilə ictimailəşdiririk:
“Salam. Hörmətli Fövqəladə Hallar Nazirliyi rəhbərliyi!
Sizi Bakı şəhərinin Yasamal rayonunda Nazirliyin bir neçə yüz metrliyində, “Space” kanalıyla üzbəüz, Ələsgər Ələkbərov 13 ünvanında yerləşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında 28 ildir ki, məskunlaşmış Laçın rayonundan məcburi köçkün İsmayılov Sultan Ağayar oğlu narahat edir.
Binanın 4-cü mərtəbəsində 148-ci otaqda yaşayıram. İki ildən çoxdur ki, binanın damındakı navalçalar və aşağı yönələn borular son təmir zamanı düzgün ölçü və formada quraşdırılmadığından axan yağış suları müvafiq boruya deyil, sel şəklində 5-ci mərtəbənin eyvanından başlayaraq 4-cü mərtəbədəki bizim və 3-cü mərtəbəki qonşunun eyvanı üzərinə axır. Nəticədə hər yağış yağanda damdan mütəmadi tökülən yağış selləri də, təbii ki, hər üç eyvanın qəzalı durumunu daha da gücləndirir. Yəni hər an, həm yağış zamanı, yaxud digər günlərdə fövqəladə hal yarana bilər: ya 5-ci, ya 4-cü, ya da 3-cü mərtəbədəki eyvanlar biri digərinin üzərinə, yaxud eyni zamanda küçədən keçə bilən insanların başına uça bilər. Yataqxananın komendantının tədbir görmək imkanı yoxdur. Dama çıxıb navalçaları təmir etmək üçün xüsusi texnikaya ehtiyac var. Ona görə də FHN-in məsələyə müdaxilə etməsi zəruridir. Əks halda dediyimiz kimi, hər an real olaraq bədbəxt hadisə baş verməsi, yəni mənim ailə üzvlərimin və ya özümün, yaxud 5-ci və 3-cü mərtəbədəki sakinlərin, həmçinin eyvanların uçması nəticəsində küçədən keçə bilən vətəndaşların, o cümlədən yaxınlıqdakı 225 saylı tam orta məktəbə gedib-gələn müəllim, şagird və valideynlərin həlak olması, ən azı ağır dərəcəli xəsarət alması mümkündür. Qeyd edim ki, darısqal otaqlarda yaşayan hər üç ailə yuyulan paltarları asmaq və s. səbəbindən eyvanlardan istifadə etməyə məcburdur. Buna görə də təcili tədbir görməyinizi xahiş edirik.
Nəzərinizə çatdırım ki, bu günədək dəfələrlə yağışlı havalarda 112 qaynar xəttinə zəng etsək də, əlaqə qura bilməmişik. Lakin yaxşı ki, yağmursuz günlərdə 4 dəfə - 2024-cü ilin dekabrında və 2025-ci ilin aprel, sentyabrında(konkret tarix və saatı qeyd etməyi unutsam da, bu barədə 112 xidmətinin, həmçinin Rabitə Nazirliyinin müvafiq qurumlarının qeydiyyat arxivində dəqiq məlumat var) və sonuncu dəfə oktyabrın 10-da qaynar xətt operatoru ilə danışıb vəziyyəti ətraflı təsvir edib kömək olunmasını xahiş etmişik. 112 xidmətindən hər dəfə yalnız onu deyirlər ki, biz FHN-in müvafiq qurumlarına məlumat vermişik. Lakin indiyədək həmin qurumlardan bizə heç bir cavab verilməyib.
Əgər problem doğrudan da, FHN-in səlahiyyətində deyilsə, bunu rəsmi şəkildə bizə bildirin və hansı digər orqanlara müraciət etməli olduğumuzu söyləyin. Halbuki bu, əsil mənada yuxarıda təsvir etdiyim fövqəladə haldır. Əgər leysan yağış zamanı üzərimizə sel gəlirsə, öncə haraya müraciət etməliyik; 101-ə, 102-yə, yoxsa 103-ə, yaxud 104-ə? Sadəcə indiki halda sel yerdən yox, üfiqi şəkildə yox, şaquli şəkildə-damdan gəlir...
Bəs əgər, Allah eləməmiş, bəhs etdiyimiz fövqəladə hal reallaşsa və nəticədə insanlar həlak olsa, bunun hüquqi məsuliyyətini kim daşıyacaq?..
Onu da deyək ki, biz ölkədə baş verən müxtəlif təbii və texnogen fəlakətlər: daşqınlar, sellər, subasmalar, yanğınlar, zəlzələlər və s. zamanı FHN əməkdaşlığının fədakarlıq göstərdiyini, neçə-neçə insanın həyatını xilas etdiyini, neçə binanı yanğından qoruduğunu görür, bilir və bunları yüksək dəyərləndiririk. Fəqət, indiki halda, konkret olaraq bizim problemimizlə bağlı bu qurumun reaksiyası heç cür tədqirəlayiq deyil...
Xülasə, güman edirəm ki, müraciətimizə operativ şəkildə baxılacaq və fövqəladə hala səbəb ola biləcək problem aradan qaldırılacaqdır. Və müstəqil dövlətimizdən ötrü bu kiçicik müşkülün həlli üçün Respublika Prezidentinə müraciət etməyə məcbur olmayacağıq.”
Hörmətli redaksiya! İnanmıram ki, məktubun ictimailəşməsindən sonra belə, Fövqəladə Hallar Nazirliyi problemimizin həlli ilə məşğul olsun. Çünki əgər 10 ay ərzində dəfələrlə 112 qaynar xəttinə zəng etməyimizə rəğmən nəinki real tədbir, heç bir geri dönüş edib problemlə şifahi də olsa, maraqlanmayıblarsa, deməli, bu dövlət qurumu Azərbaycan vətəndaşlarının çağırışlarını əsil mənada qulaqardına vurur. Bu isə daim öz çıxışlarında aşağıdan yuxarı bütün məmurlardan vətəndaşların müraciət və çağırışlarına vaxtında və gərəyincə cavab və reaksiya verməyi, onların qayğısına qalmağı tələb edən Prezident İlham Əliyevin daxili siyasətinə qarşı açıq sabotajdır.
Biz müraciətimizi ictimailəşdirməkdə, o cümlədən lazım gəlsə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və dövlət başçısının şəxsən özünə - Prezident İlham Əliyevə şikayətlərimizi çatdıracağıq. Gerisini FHN rəhbərliyi düşünsün...”
Redaksiyadan:
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin şərhini də təqdim etməyə hazırıq.
Vətəndaşın müraciətini nəzarətdə saxlayacaq, FHN və digər əlaqədar qurumlarla əlaqə saxladıqdan sonra əlavə məlumat verməyə çalışacağıq.