1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, daha sonra 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qərarı çıxarılıb. 1938-ci il təvəllüdlü Ramiz Mehdiyev xüsusilə ağır cinayətlərdə - Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və s. maddələri ilə ittiham olunur. Bu maddələrin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var.
Ramiz Mehdiyev yaddaşlarda necə qalacaq?
“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ramiz Mehdiyev yaddaşlarda "fərqli" qalacaq.
“Mən bu adamın vaxtında həbs edilmişəm. Bu adam istefaya göndərilənə qədər de-fakto "ölkənin ikinci adamı" olub. Ramiz Mehdiyev 97-98-ci illərdən, yəni Heydər Əliyevin ikinci dönəmindən dəqiq götürsək, birinci vitse prezident vəzifəsinə təyin olunana qədər və hətta deyərdim, özü istefaya göndəriləndən sonra da "ikinci adam" olub. Bütün bu avtoritar sistemin qurulmasında, sivil və sekulyar müxalifətin sıradan çıxarılmasında, yəni Azərbaycanın "Rusiya yönümlülüyü"ndə xüsusi rol oynayıb.
Yenə deyirəm, bu vəziyyət mənim düşüncəmə görə belədir. Bu adamın dönəmində onunla birgə ölkəni korrupsiyaya, avtoritarizmə sürükləyən tayfa üçün Ramiz Mehdiyev "əla"dır. Vasif Talıbovun, Bəylər Əyyubovun oğlanları Ramiz Mediyevə "ağsaqqal" deyir. Onlar üçün ağsaqqaldır. Mənim üçün Azərbaycanın siyasi sisteminin "anekdot"a çevrilməsinin əsas memarlarından biridir. Mənim üçün və azərbaycanlıların böyük bir hissəsi üçün mənfi obrazdır.
Bu adam türk milli kimliyinə həmişə qarşı mübarizə aparan adam olub. Adamın bir sözü vaxtı yayılmış, tirajlanmışdı. Deyirdi ki, “Türkiyəyə tələbə göndəririk, millətçi kimi qayıdırlar”. Türk milli kimliyinə, türk milli sisteminə qarşı çıxan bir adam idi.
Rus bölmələrinin də bu qədər yayılmasında önəmli rolu olan insanlardan olub. Kremlə, Moskvaya baxan adam olub. Kremlə tərəf baxan kim olursa olsun, ona mədhiyyəçi kimi yaxınlaşa bilmərəm. Siyasi sistemin bu vəziyyətə çevrilməsini qoyuram bir kənara, Kreml tərəfdarı siyasi sistemin başında duran adama müsbət baxa bilmərəm. Düzdür, bu gün Elman Nəsirovu dindirsəniz, o da “faktınız varmı ki, Ramiz Mehdiyev Kremlə baxır?” deyəcək. Amma bəzi mövzular var ki, izaha ehtiyac duyulmur. İnsan siyasi keçmişinə baxanda və ya siyasi gedişlərini görəndə aydın olur ki, bu şəxs hansı tərəfə baxır - qibləyə baxır, yoxsa qiblənin əks tərəfinə”.