Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası və anklav kəndlərlə bağlı son açıqlaması İrəvanın bu məsələdə mövqeyinə dair yeni detalları ortaya çıxardı. Paşinyanın etiraf etdiyi məqam xüsusilə diqqət çəkdi. O, 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskiparanın Ermənistan ərazisi olmadığını bildirib.
Bu açıqlama Azərbaycan tərəfinin illərdir səsləndirdiyi mövqenin Ermənistan rəhbərliyi səviyyəsində təsdiqlənməsi oldu.
Məsələ ondadır ki, söhbət sadəcə bir neçə kənddən deyil, Azərbaycan-Ermənistan sərhədinin hüquqi və faktiki vəziyyətindən gedir. Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskipara Azərbaycanın ərazi bütövlüyü məsələsində xüsusi əhəmiyyət daşıyan yaşayış məntəqələridir. Bu kəndlərin taleyi iki ölkə arasında aparılan delimitasiya prosesinin ən həssas istiqamətlərindən biri olaraq qalır.
Paşinyanın 1991-ci il xəritələrinə istinad etməsi İrəvanın Azərbaycan anklavlarının hüquqi statusunu qəbul etməsi anlamına gəlirmi? Əgər Ermənistan rəhbərliyi bu kəndlərin Ermənistan ərazisi olmadığını etiraf edirsə, onların Azərbaycana qaytarılması üçün daha hansı maneə qalır?
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bunları dedi:
“Paşinyan hökumətin iclasında 2026–2031-ci illər üçün hökumət proqramını “Real Ermənistan” ideologiyasına və “Dördüncü Respublika” konsepsiyasına əsaslanaraq təqdim etdi. O, “Dördüncü Respublika”nın sülh məntiqi əsasında formalaşdığını bildirdi. Həmçinin Azərbaycanla münasibətlərdən, sərhədlərin delimitasiyası və demarkasiyasından danışaraq bir sıra açıqlamalar verdi.
Təbii ki, Paşinyanın “Dördüncü Respublika” konsepsiyası Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar üzərində qurulur. Ölkə başçımız dəfələrlə Azərbaycanın suveren ərazilərinin danışıqlar predmeti olmadığını bildirib. Paşinyan da Ermənistan ərazisində qalmış dörd kəndimizin Ermənistana aid olmadığını bildirdi.
Paşinyan başa düşür ki, sülh gündəliyinin inkişaf etdirilməsi və iki ölkə arasında əməkdaşlığın qurulması üçün suveren hüquqlara hörmət edilməlidir. Eyni zamanda, Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyini daha aydın şəkildə görməyə başlayıb və buna görə də dörd kəndimizin Ermənistana aid olmadığını bildirir. Yəni delimitasiya və demarkasiya prosesi davam etdikcə həmin dörd kəndin Azərbaycana qaytarılması məsələsinin də həll olunacağı gözlənilir.
Başqa sözlə, Azərbaycan öz kəndlərindən imtina etməyəcək və Ermənistan da bu reallığı qəbul etməyə başlayıb. Sadəcə olaraq, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi məsələsi də həllini tapmalıdır. Paşinyanın bugünkü açıqlamalarından belə nəticəyə gəlmək olar ki, Konstitusiya dəyişiklikləri ilə bağlı məsələnin gündəmə gətirilməsi o qədər də uzaq perspektivdə deyil”.
Azərbaycan parlamentinin digər təmsilçisi Bəhruz Məhərrəmovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın 1991-ci il Alma-Ata Bəyannaməsinə və SSRİ Baş Qərargahının xəritələrinə istinad edərək Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin Ermənistanın suveren ərazisi olmadığını etiraf etməsi beynəlxalq hüququn “uti possidetis juris” prinsipi işığında Azərbaycanın ərazi bütövlüyünün de-yure tanınmasının bariz sübutudur:
“Bu bəyanat İrəvanın həmin yaşayış məntəqələri üzərindəki faktiki işğala hüquqi bəraət qazandırmaq imkanlarını tamamilə sıfırlayır, beynəlxalq hüquq müstəvisində Ermənistanın həmin ərazilər üzərindəki iddialarından rəsmi imtinasını təsbit edir və Azərbaycana təhvil verilməsi məsələsini sırf icra mexanizmi müstəvisinə keçirir.
Ermənistan rəhbərliyinin bu etirafına baxmayaraq, həmin ərazilərin qaytarılması prosesinin yubanması və konkret razılaşmanın əldə olunmaması bir neçə kompleks siyasi-hüquqi və geostrateji təhlükəsizlik amili ilə şərtlənir. İlk növbədə, sözügedən yaşayış məntəqələri Ermənistanın həyati əhəmiyyətli nəqliyyat arteriyalarının – Ermənistanı Gürcüstanla birləşdirən və Yuxarı Əskiparadan keçən M4 dövlət magistralının, eləcə də İranla bağlayan və Kərkidən keçən M2 magistralının üzərində və ya bilavasitə yaxınlığında yerləşir. Bu ərazilərin Azərbaycanın de-fakto nəzarətinə keçməsi İrəvanın strateji logistikasını şaquli şəkildə kəsdiyi üçün Ermənistan tərəfi alternativ yol infrastrukturlarını tamamlamadan və təhlükəsizlik zəmanətləri almadan prosesi yekunlaşdırmaqdan çəkinir.
Bununla yanaşı, qeyri-anklav olan dörd kəndin təhvil verilməsi zamanı tətbiq olunan ikitərəfli delimitasiya protokolları göstərdi ki, anklav-eksklav hüquqi statusuna malik ərazilərin qaytarılması daha mürəkkəb hüquqi və diplomatik mexanizmlər tələb edir. Ermənistan rəhbərliyi Azərbaycan anklavlarının qaytarılmasını SSRİ dövründə Ermənistan SSR-in tərkibində olmuş, lakin hazırda Azərbaycanın nəzarətində yerləşən Başkənd (Arvaşen) eksklavının hüquqi taleyi, eləcə də sərhədlərin simmetrik şəkildə geri çəkilməsi şərti ilə əlaqələndirməyə çalışaraq danışıqlarda diplomatik alver predmeti yaratmaq niyyəti güdür.
Digər tərəfdən, Ermənistanın Konstitusiyasındakı müddəalar və ölkədaxili hüquqi baza delimitasiya nəticəsində baş verə biləcək ərazi dəyişikliklərinin ümumxalq referendumu vasitəsilə təsdiqlənməsini nəzərdə tutur ki, bu da Paşinyan hökuməti üçün daxili siyasi riskləri və revanşist müxalifətin müqavimətini kəskin şəkildə artırır.
Lakin siyasi baxımdan Paşinyanın bu bəyanatı anklavların yaxın perspektivdə mərhələli şəkildə Azərbaycana qaytarılması üçün siyasi zəminin və hüquqi presedentlərin artıq formalaşdığını göstərir. Ermənistan rəhbərliyi delimitasiya komissiyalarının fəaliyyəti çərçivəsində tərəflərin qarşılıqlı olaraq bir-birinin suverenliyini tanıması fonunda öz daxili auditoriyasını psixoloji və hüquqi olaraq addım-addım bu qaçılmaz reallığa hazırlayır.
Bu mənada, Paşinyanın 1991-ci il xəritələrinə istinadı hüquqi müstəvidə iddialardan imtina aktı olsa da, görünən odur ki, prosesin praktik icrası sırf delimitasiya komissiyalarının koordinat dəqiqləşdirmələrindən, alternativ infrastrukturların inşasından və yekun sülh müqaviləsinin ratifikasiya mexanizmlərindən asılı olaraq mərhələli şəkildə həyata keçiriləcək. Məsələnin müsbət yekunu isə şübhə doğurmur. Çünki Azərbaycan bu prosesdə bölgənin əsas güc sahibi kimi özündə işğal və təcavüzü ehtiva edən heç bir reallığın davam etməsinə imkan verməyəcək”.










