Mövcud istehlak və istehsal imkanları nəzərə alınmaqla İranın gündəlik ən azı 15 milyon litr benzin idxalına ehtiyacı var.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Enerjinin Səmərələşdirilməsi və Strateji İdarəetmə Təşkilatı rəhbərinin müavini Yaser Mirzayi jurnalistlərə açıqlamasında bildirib.
Yaser Mirzayi ölkədə benzin istehlakının səviyyəsi ilə bağlı narahatlığını ifadə edib: “Biz hazırda və bu mərhələdə təcili həll tələb edən böhranlı vəziyyətlə üzləşmişik”.
O qeyd edib ki, İranda gündəlik benzin istehlakı təxminən 135 milyon litrə çatıb. Bu göstərici ölkənin normal iqtisadi şəraitdə olmadığı, həmçinin “təcavüzkar hücumların” təsirlərinin və iqtisadi artımla bağlı problemlərin mövcud olduğu bir vaxtda qeydə alınıb.
İran rəsmisi qarşıdakı aylarda ölkənin benzinə olan tələbatının artacağını vurğulayıb.
“Mövcud istehlak və istehsal imkanları nəzərə alınmaqla İranın gündəlik ən azı 15 milyon litr benzin idxalına ehtiyacı var”, - Yaser Mirzayi deyib.
O əlavə edib ki, maliyyələşdirmə, valyutaya çıxış və logistika məsələləri, xüsusilə ölkənin cənub marşrutlarında, idxalla bağlı müəyyən məhdudiyyətlər yaradır. Xaricdən tədarük marşrutlarının bir hissəsində də məhdudiyyətlər yaranıb və əvvəllər artıq benzin ehtiyatına malik olan bəzi ölkələr hazırda İrana benzin tədarük edə bilmirlər.
Yaser Mirzayinin sözlərinə görə, belə şəraitdə ölkənin benzin ehtiyatlarından istifadə məsələsi gündəmə gəlir: “Halbuki ehtiyatlar qısa müddətli dövrlər və fövqəladə vəziyyətlər üçün saxlanılmalıdır, davamlı şəkildə idxalın və ya istehsalın əvəzi kimi istifadə edilməməlidir”.
Onun fikrincə, ehtiyatlardan davamlı istifadə ölkəni həssas vəziyyətə salır. Mövcud hesabatlar və hesablamalar benzin ehtiyatlarının səviyyəsinin narahatedici həddə yaxınlaşdığını göstərir.
Qeyd edək ki, son günlər İranda benzin istehlakının artması, idxalla bağlı problemlər və gündəlik çatışmazlıq fonunda benzin qiymətlərinin artırılması, müxtəlif kvota sistemlərinin tətbiqi və yanacağın istehlakçılar arasında bölüşdürülməsi məsələləri ölkənin iqtisadi dairələrində əsas müzakirə mövzularından birinə çevrilib.


















