ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılması müddətinin yenidən uzadılması ilə əlaqədar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə bildiriş göndərib.
Sənəddə "907-ci düzəliş"in Azərbaycanla bağlı tətbiqinin dayandırılması müddətinin daha bir il uzadılması təklif olunur.
Bu bildiriş icraedici hakimiyyətin – Ağ Evin və Dövlət Departamentinin Azərbaycanla bağlı siyasətdə mövcud hüquqi maneələrin aradan qaldırılması istiqamətində səylərinin göstəricisi kimi qiymətləndirilir.
Bununla rəsmi Vaşinqton Donald Tramp administrasiyasının rəhbərliyi dövründə Azərbaycana birbaşa yardım proqramlarının maneəsiz şəkildə həyata keçirilməsinə sadiqliyini nümayiş etdirir.
Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən "907-ci düzəliş" Azərbaycana birbaşa dövlət yardımını qadağan edib. Lakin 2001-ci ildə ABŞ Senatı Ağ Evə bu məhdudiyyətlərin tətbiqini müvəqqəti dayandırmaq səlahiyyəti verib. Həmin vaxtdan etibarən ABŞ prezidentləri hər il düzəlişin tətbiqinin dayandırılması müddətini uzadır və bununla bağlı Konqresə rəsmi bildiriş təqdim edirlər.
Ötən il avqustun 8-də Ağ Evdə keçirilən sülh sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp "907-ci düzəliş"in Azərbaycanla bağlı tətbiqinin dayandırılması barədə sənəd imzalayıb.
Mərasimdə Prezident İlham Əliyev də iştirak edib. Azərbaycan Prezidenti 2026-cı il iyunun 1-də bu qərarın müddətinin uzadılmasına görə Donald Trampa təşəkkürünü bildirib.
Göründüyü kimi, bu addım xüsusilə Donald Tramp administrasiyası dövründə Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişlənməsi və ikitərəfli münasibətlərdə hüquqi maneələrin aradan qaldırılması istiqamətində yeni mərhələnin göstəricisi hesab olunur.
Bu müsbət dinamika təhlükəsizlik, enerji və regional əməkdaşlıq sahələrində hansı nəticələrə gətirib çıxara bilər?
“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, "907-ci düzəliş"in uzadılması iki ölkə arasında yeni əməkdaşlıq imkanları yaradır:
“"907-ci düzəliş"in tətbiqinin dayandırılması müddətinin yenidən uzadılması Azərbaycan–ABŞ münasibətlərində müsbət dinamikanın davam etdiyini göstərən mühüm siyasi mesajdır. Xüsusilə nəzərə almaq lazımdır ki, bu qərar Azərbaycanla ABŞ arasında münasibətlərin daha çox strateji tərəfdaşlıq, qarşılıqlı maraqlar və regional təhlükəsizlik üzərində qurulması baxımından əhəmiyyət daşıyır. Hüquqi məhdudiyyətlərin tədricən aradan qaldırılması iki ölkə arasında əməkdaşlığın daha geniş imkanlar əldə etməsinə şərait yarada bilər.
Təhlükəsizlik sahəsində bu dinamika Azərbaycanın regional sabitliyin təmin olunmasında rolunun daha da artmasına, terrorizmə, transmilli cinayətkarlığa və digər təhlükəsizlik çağırışlarına qarşı əməkdaşlığın genişlənməsinə imkan verə bilər. Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm aktordur və ABŞ ilə münasibətlərin yeni mərhələyə keçməsi bu istiqamətdə koordinasiyanı gücləndirə bilər”.
Deputat əlavə edib ki, enerji sahəsində də qarşılıqlı maraqlar kifayət qədər böyükdür:
“Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi, enerji marşrutlarının şaxələndirilməsi və Xəzər hövzəsinin Avropa bazarları ilə əlaqələndirilməsi ABŞ-ın enerji təhlükəsizliyi prioritetləri ilə də uzlaşır. Buna görə də Bakı–Vaşinqton münasibətlərinin inkişafı Azərbaycanın enerji və nəqliyyat imkanlarının daha geniş regional layihələrə inteqrasiyasına əlavə stimul verə bilər”.
Arzuxan Əlizadə qeyd edib ki, regional əməkdaşlıq baxımından isə əsas məsələ Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni nəqliyyat və iqtisadi bağlantıların dəstəklənməsidir:
“Zəngəzur dəhlizi, Orta Dəhliz və digər layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi əhəmiyyətini artırır. ABŞ-nin bu proseslərə daha konstruktiv yanaşması Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaranmasına və region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsinə ciddi töhfə verə bilər”.O bildirib ki, "907-ci düzəliş"in uzadılması texniki deyil, siyasi addımdır:
“Ümumilikdə, "907-ci düzəliş"in tətbiqinin dayandırılması ilə bağlı növbəti müddət uzadılması yalnız texniki və ya hüquqi məsələ kimi qiymətləndirilməməlidir. Bu, Vaşinqtonun Azərbaycanla münasibətlərdə yeni reallıqları nəzərə aldığını göstərən siyasi addımdır.
Əsas hədəf isə bu müsbət dinamikanı davamlı strateji əməkdaşlığa çevirmək, təhlükəsizlik, enerji, nəqliyyat və regional sülh istiqamətlərində konkret nəticələr əldə etmək olmalıdır”.











