Son günlərdə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Qaçaq Nəbi və Həcərlə bağlı səsləndirdiyi fikrilər müzakirə mövzusuna çevrilib. Əslində, siyasətçinin bu kimi tarixi şəxslərlə bağlı iddiaları yeni deyil, əvvəlki illərdə də səsləndirib. Lakin mövzu yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərin kötücəsi Həcər Əkbərova "Unikal"a müsahibə verib.
O, qeyd edib ki, Sərdar Cəlaloğlu fasilələrlə bu məsələyə toxunur: "Hər 2-3 ildən bir çıxıb Qaçaq Nəbi və Həcər haqqında ağzına gələni danışır. Nə alıb-verə bilmədiyi var, bilmirəm. İllər öncə onun açıqlamaları artıq əndazədən çıxmışdı. Onu başa düşəcəyi dildə izah etmişdilər. Elə bilir ki, atam rəhmətə gedib, qardaşım da burda deyil deyə rahat şəkildə danışacaq.
Həqiqəti əks etdirməyən şayiələr heç bir məntiqə sığmır. İnsan bir sözü deyirsə, əlində fakt olmalıdır. O isə əsası olmayan fikirlər səsləndirir. İndiyə qədər cavab verməmişəm. Çünki "Atları Yəhərləyin" filmində deyildiyi kimi, "kişinin qoluna qandalı da gərək, kişi vursun". Onlar mənə görə sapı özümüzdən olan baltalardır. Düşmənin özü də gərək mərd olsun".
H.Əkbərova bu məsələni hüquqi yolla həll etmək istədiyini bildirib: "Azərbaycan xalqının milli ləyaqətini təhqir edən ifadələrə yol verən Sərdar Cəlaloğlu qanun qarşısında cavab verməlidir. Milli dəyərlərə və xalqın şərəf və ləyaqətinə hörmətsizlik yolverilməzdir. Bu cür davranışlara hüquqi qiymət verilməli və məsələ qanun çərçivəsində araşdırılmalıdır və o, üzr istəməlidir.
Əlimizdə şəcərə sənədimiz belə var. Qaçaq Nəbi uydurmadırsa, bəs biz kimik, ulu babam kimdir?
Onları da qınamıram əslində. Genetik kod deyilən bir şey var. Sərdar Cəlaloğlunun qardaşı xaricdə oturub Azərbaycan əleyhinə danışır, özünün də bir faydası yoxdur. Amma mənim babam (Nəbi və Həcərin qızı Zeynəbin oğlu Əliş kişi - red.) ermənilərə qarşı təkbaşına vuruşaraq şəhid olub. Atam 1993-cü ildə müharibə xəbərin eşidərək Rusiyadan qayıdıb. Füzuli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Yəni bu Nəbinin törəmələrinin göstərdiyi genetik kod, o da Sərdar Cəlaloğlunun...
Qaçaq Nəbi Naxçıvan ərazilərində də çox döyüşüb. Ordakı insanlar indi də Nəbinin şücaətindən danışır. Amma özü də naxçıvanlı olan Sərdar Cəlaloğlunun nə istədiyini bilmirəm. Qaçaq Nəbi o dövlərdə Naxçıvan camaatını daim müdafiə edib. Düşünürəm ki, bəlkə də ulu babasının hansısa səhvinə görə Nəbi onu cəzalandırıb. Onun yanğısıdır ki, illərdir davam edir".
Həcər Əkbərova partiya sədrinin onun ulu nənəsi Həcər haqqında dediyi fikirlərə də aydınlıq gətirib: "Həcər və Nəbinin qızı Zeynəb xanım rəhmətə gedəndə babamın yaşı çox az olub. Buna görə çox detallı məlumat yoxdur. Amma Həcər Nəbidən sonra cəmi bir dəfə ailə qurub. O da Həmzə adlı öz qohumu olub. Çünki o vaxtı dul qadına yaxşı baxmırdılar. Həm də qızı Zeynəbi qorumaq üçün evlənib. Həmin zamanlarda da Həcər xanımın artıq bəlli yaşı olub. Yəni o, sonradan uşaq dünyaya gətirməyib. Kənd camaatını da yığaraq deyib ki, bundan sonra oluram Həmzənin uşaqlarının yetimlərinin analığı.
Nəbidən sonra Həcər övladları Əhməd və Xəlili Ağrı Dağından Qarsa keçirib. Zeynəbi isə azyaşlı olduğu üçün yanında saxlayıb. Türkiyədə aldığı sənədlərdə Əhmədin atası Nəbi, anası Həcər olaraq göstərilib.
Bəzən deyirlər ki, Zeynəb Həcərlə Həmzənin övladıdır. Lakin Zeynəb sonradan doğulmuş olsaydı, mənim babam cavan olmuş olardı. Burada yaş məsələsi var. Çünki hazırda Zeynəblə Əhmədin törəmələrinin yaşları təxminən eynidir. Xəlil isə Cənubi Azərbaycanda yaşayıb. O, bacısı Zeynəbin həsrətilə öz qızına Zeynəb adını qoyub".

















