Bakı Slavyan Universitetinin ibtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün xüsusi təqaüd ayrılacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata əsasən, sözügedən ixtisaslar üzrə 450 baldan yuxarı nəticə göstərərək universitetə qəbul olan oğlan tələbələr xüsusi təqaüddən yararlana biləcəklər.
Məsələ sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Müzakirəyə qoşulan şəxslər qız və oğlan tələbələr arasında belə fərqin qoyulmasının səbəbini anlamadıqlarını və bununla bağlı məntiqi izah tapa bilmədiklərini qeyd ediblər.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Slavyan Universitetinin Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edilib ki, universitet üçün əsas məqsəd müəllimlik peşəsinin nüfuzunun artırılması, bu sahəyə daha çox oğlan tələbənin cəlb edilməsi və onların gələcək pedaqoji fəaliyyətə təşviq olunmasıdır.
"Məlumat üçün bildiririk ki, hazırda Bakı Slavyan Universitetində (BSU) 3 daxili təqaüd proqramı mövcuddur. Sözügedən təqaüd proqramları həm oğlan, həm də qız tələbələri əhatə edir. Belə ki, BSU-da ibtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün xüsusi daxili təqaüd proqramı nəzərdə tutulub. 450 baldan yuxarı nəticə göstərərək qeyd olunan ixtisaslara qəbul olan oğlan tələbələr bu təqaüd proqramından yararlana biləcəklər.
Qız tələbələr üçün nəzərdə tutulan "Regionlardan qəbul olan qızlar üçün" daxili təqaüd proqramı Bakı Slavyan Universitetinə əvvəlki qəbul illərində ən az sayda qız tələbənin qəbul olunduğu bölgələrdən yüksək nəticə göstərərək müəllimlik ixtisaslarını seçən qızların ali təhsil almaq imkanlarının dəstəklənməsinə yönəlib.
Digər təqaüd proqramı isə "Yeni dövrün gəncliyi" daxili təqaüd proqramıdır. Bu proqram çərçivəsində Bakı Slavyan Universitetini seçərək ən yüksək bal toplayan və universitetə qəbul olan 1 tələbə təqaüdə layiq görüləcək", - deyə məlumatda bildirilir.











