Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda Mərakeş Krallığının vətəndaşını qətlə yetirməkdə təqsirləndirilənlər - H.M və N.R-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"DİA-AZ" Lent.az-a istinadla xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslərdən H.M özünü qismən təqsirli bildiyini, R.M isə özünü təqsirli bilmədiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxslərdən H.M-in ifadəsi ilə davam edib:
"Mən N-i "Gənclik Mall"-dan tanıyırdım. Sonra bir-birimizi tanımağa başladıq, dost olduq. Həmin gün axşam saat 12-yə qalmışdı. N həmin gün əsgərlik işi ilə bağlı rayondan qayıtmışdı. Onun ad günündən xeyli keçmişdi, mən işimə görə onu təbrik edə bilməmişdim. Təklif elədim ki, görüşüb bir yerdə oturaq, ad gününü qeyd edək. Atam gecə vaxtı evdən çıxmağımın əLeyhinə də olsa, onu dilə tutub birtəhər razılığını aldım. Mən taksi vurub "Sahil bağı"na gələndə N artıq orada idi. Parkda başqa dostlarımızla da qarşılaşıb görüşdük. Sonra onlar "Tarqovı"ya gedəcəklərini deyib bizdən aralandılar. N və mən hərəmizə bir pivə alıb içməyə başladıq. Başımız telefona qarışmışdı. Parkın qurtaracağına yaxın səs-küy eşidib başımızı qaldırdıq. Gördük ki, dostlarımız iki xarici vətəndaşla mübahisə edirlər. Yaxınlaşıb nə baş verdiyini soruşanda onlardan biri dedi ki, sizinlə işimiz yoxdur. Digəri isə özlərinə işarə edib "Biz mafiyayıq" -dedi. Ucaboylu əcnəbinin əlində dəmir "remen" vardı. O cibindən nə isə çıxarıb N-nin üstünə gəlmək istəyirdi ki, tez özümü qabağa verdim. Özümüzü müdafiə məqsədi ilə cibimdəki bıçağı çıxartdım ki, qorxub bizdən uzaqlaşsınlar. Sadəcə həmin vaxt hərəkətdə olduğumdam elə bildim ki, bıçağı onun sinəsinə vuranda, əcnəbini yüngül cızıb. Mənim onun ardınCa təkrardan getməkdə məqsədim o idi ki, tamamilə çıxıb getməyindən əmin olum. N məni götürüb apardı. Evə çatıb təzəcə özümə gəlirdim ki, şəhərdə mübahisəni görən uşaqlara zəng elədim. Telefonu 39-cu polis bölməsinin əməliyyatçısı götürdü və mənə bölməyə yaxınlaşmağımı dedi. Mən ancaq ora gələndə əcnəbinin öldüyünü bildim. İttiham aktında yazılan bir neçə məqamla razı deyiləm. Orada yazılıb ki, guya məsələ mənim siqaret mübahisəmə görə olub. Halbuki mən siqaret çəkən deyiləm".
Növbəti proses 15 oktyabr saat 16:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 27 noyabr 2025-ci ildə Bakı şəhəri,Səbail rayonu ərazisində yerləşən "Sahil bağı" adlanan parkın ərazisində baş verib.
İttihamda qeyd olunur ki, yetkinlik yaşına çatmayan H.M öz tanışı N.R ilə birlikdə parkda gəzişən Mərakeş Krallığının vətəndaşları olan Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq, siqaretlərinin olub-olmadığını soruşublar. Saber Elhoumani Ben İbrahim siqaretlərinin olmadığını bildirib. H.M bunu siqareti verməmək üçün bəhanə kimi qəbul edərək, mübahisə yaradıb, N və o ərazidə olan digər bir tanışı ilə birlikdə Saber Elhoumani Ben İbrahim və ona dəstək olmağa çalışan Tiflaoui İmada güləş fəndi tətbiq edərək, onları yerə yıxıb müxtəlif bədən xəsarətləri yetiriblər. Daha sonra H özündə olan ov bıçağı ilə Tiflaoui İmadı sinəsindən bıçaqlayıb. Hadisə yerindən uzaqlaşmağa çalışan Tiflaoui İmad bir qədər getdikdən sonra xəsarətin ağırlığından yerə yıxılıb. Onun ardınca gələn H Tiflaoui İmadın belindən güclü bıçaq zərbəsi endirib. Tiflaoui İmadın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, H.M və N.R Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.5 (qanunsuz olaraq qaz silahını, soyuq silahı (o cümlədən soyuq atıcı silahı) əldə etmə, satma və ya gəzdirmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib.









