Qazax rayonunda qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxsi bıçaqlayan 21 yaşlı qadın məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
Teleqraf xəbə verir ki, məhkəmə materiallarına əsasən, 21 yaşlı Rövşanə Əliyeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı zərərçəkmiş şəxs Nicat Əliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin ondan 20 manat pul tələb etməsi və qadının bu tələbdən imtina etməsi olub. Münaqişə zamanı təqsirləndirilən şəxs evin pəncərəsinə söykənmiş məişət güzgüsünü sındıraraq onun iti kənarlı hissəsindən silah qismində istifadə edib və zərərçəkmiş şəxsə qarın nahiyəsindən bir dəfə zərbə vurub.
Nəticədə zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirib.
Məhkəmədə ifadə verən Rövşanə Əliyeva Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü əri Nicat evə gəlib ondan ayaqqabı almaq üçün pul istəyib. Pulunun olmadığını dedikdən sonra aralarında dava düşüb. Onun sözlərinə görə, zərərçəkmiş şəxs onu təhqir edib, döyüb və saçını yolub. Bu zaman o, özünü müdafiə etmək məqsədilə şüşə qırığından istifadə edib. Qadın qeyd edib ki, Nicatı qorxutmaq məqsədi ilə vurmaq istəsə də, zərbənin qarın nahiyəsinə dəydiyini və ciddi xəsarət yetirdiyini sonradan bilib.
Nicat Əliyev isə məhkəmədə verdiyi ifadəsində aralarında pul üstündə mübahisə yarandığını, arvadını döydüyünü və ona xəsarət yetirdiyini etiraf edib. O, həyat yoldaşının onu nə ilə vurduğunu görmədiyini, yalnız qan axdığını hiss etdiyini bildirib. Hazırda təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Rövşanə Əliyevanın himayəsində azyaşlı uşağı olub. Məhkəmə uşağın 14 yaşı tamam olanadək Rövşanə Əliyeva barəsindəki hökmün icrasını 2037-ci ilədək təxirə salıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.











