“Rusiya vətəndaşlığı olan azərbaycanlıların Ukraynada gedən müharibəyə cəlb olunması hüquqi baxımdan mümkün sayılsa da, prosesin arxa planında ciddi qanunsuzluqlar və insan haqlarının pozulması halları müşahidə olunur”.
Bunu Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov bildirib.
Ekspertin sözlərinə görə, Rusiya vətəndaşı olan şəxsin həmin dövlət tərəfindən hərbi xidmətə çağırılması hüquqi baxımdan normal haldır: “Şəxs Rusiya vətəndaşıdırsa, dövlət onu müharibəyə cəlb edə bilər. Bu, vətəndaşlıq borcudur. Birinci Qarabağ müharibəsi zamanı da Azərbaycanda eyni praktika olub. Milliyyətcə rus, lakin Azərbaycan vətəndaşı olan şəxslər vətəni qorumaq üçün hərbi xidmətə çağırılırdı. Bu, dövlətin qanuni hüququdur”.
Lakin Rövşən Məhərrəmov vurğulayır ki, Rusiyada azərbaycanlı miqrantların müharibəyə cəlb olunması təkcə hüquqi mexanizmlərlə məhdudlaşmır, çox zaman məcburetmə və təzyiq yolu ilə həyata keçirilir:
“Rusiyada milyonlarla miqrant var və onlara, xüsusilə müsəlman miqrantlara qarşı açıq-aşkar aqressiv münasibət formalaşdırılıb. Bu, təsadüfi deyil, dövlət siyasətindən qaynaqlanan sistemli yanaşmadır. Qeyri-rus millətlərinə qarşı aşağılama, təzyiq və hüquqi manipulyasiya geniş yayılıb”.
Ekspertin sözlərinə görə, Rusiyaya işləmək üçün gedən azərbaycanlılar miqrasiya xidmətində qeydiyyata düşdükdən sonra faktiki nəzarət altına alınırlar: “Bu şəxslər ən xırda yol-nəqliyyat hadisəsi, məişət mübahisəsi və ya formal pozuntuya görə məhkəmə qarşısına çıxarılır. Məhkəmələrdə isə açıq və ya dolayısı ilə belə təkliflər edilir: ya Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşməlisən, ya da cinayət məsuliyyəti ilə üzləşəcəksən. Bu cür hallar çoxdur”.
Rövşən Məhərrəmov bildirir ki, belə təzyiqlər nəticəsində bir çox azərbaycanlı miqrant məcbur qalıb hərbi müqavilə imzalayır: “İnsanlar həbsə düşməmək üçün orduya yazılırlar. Digər bir qisim isə maddi çətinlik ucbatından, qazanc ümidi ilə müqaviləli döyüşlərə qatılır. Onların bir hissəsi döyüşlərdə həlak olur, bir çoxu isə itkin düşür. Taleləri naməlum qalır”.
Ekspert xüsusilə vurğulayır ki, Azərbaycan vətəndaşlarının işğalçı dövlətin ordusunda döyüşməsi nə hüquqi, nə də mənəvi baxımdan qəbul edilə bilməz:
“Rusiya vətəndaşı olan azərbaycanlıları bir kənara qoyuram. Amma Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin başqa bir dövlətin – özü də işğalçı siyasət yürüdən ölkənin – ordusunda döyüşməsini qətiyyən doğru saymıram. Xüsusilə də Vətən müharibəsində qəhrəmanlıq göstərmiş qazilərimizin maddi çətinliklərdən istifadə edilərək Ukraynaya qarşı döyüşlərə cəlb olunması yolverilməzdir”.
Rövşən Məhərrəmov xatırladır ki, Azərbaycan qanunvericiliyi digər dövlətlərin müharibələrində muzdlu kimi iştirak etməyi açıq şəkildə qadağan edir:
“Azərbaycan vətəndaşı muzdlu döyüşçü kimi xarici münaqişələrdə iştirak edə bilməz. Bu, cinayət məsuliyyəti yaradır. Təəssüf ki, bəzi vətəndaşlarımız bundan xəbərsizdir”.
Ekspert hesab edir ki, bu istiqamətdə maarifləndirmə işi gücləndirilməlidir: “Yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları regionlarda mətbuat və televiziya vasitəsilə insanlara açıq şəkildə izah etməlidir ki, muzdlu kimi döyüşlərdə iştirak ağır cinayətdir. Azərbaycan dövləti gələcəkdə belə şəxslərə qarşı ən sərt cəzaları tətbiq edəcək”.
Onun sözlərinə görə, Rusiyada müxtəlif yollarla müharibəyə cəlb edilən Azərbaycan vətəndaşları çıxış yolunu Azərbaycana qayıtmaqda görməlidir: “O insanlar bilməlidir ki, müharibə onların savaşı deyil. Qoy vətənə qayıtsınlar. Dövlət öz vətəndaşını qorumağa borcludur, amma qanunu pozan hər kəs məsuliyyət daşıyacaq”.
Qeyd edək ki, Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı vətəndaşlara xəbərdarlıq edib. Qeyd olunub ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə, fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir. Azərbaycan Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaş barəsində Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.










