Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi "Platin-M" MMC ilə birbaşa müqavilə bağlayaraq Xocavənd rayonu ərazisində genişmiqyası təmir işlərinə başlayır.
Müqaviləyə əsasən, şirkət Xocavənd rayonunun Xocavənd şəhərində çox mənzilli (318 mənzil-22 260 m2) yaşayış binalarının təmirini həyata keçirəcək. Layihənin ümumi dəyəri 7 milyon 768 min 736,41 manat təşkil edir və satınalma bir mənbədən həyata keçirilib.
"Platin-M" MMC-nin həmçinin, "Xankəndi Şəhərində, Ağdərə Və Xocalı Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsi ilə bağlanmış bir mənbədən satınalma müqaviləsi çərçivəsində, Xocalı rayonunun Təzəbinə kəndində 152 fərdi yaşayış evinin cari təmir işlərini həyata keçirib. Bu layihənin dəyəri 8 milyon 783 min 934 manat olub.
Bundan əlavə, "Platin-M" MMC əvvəllər Kənd Təsərrüfatı Nazirliyi üçün Qobustan rayonu Heyvandarlıq Kompleksinin ərazisində Sərgi Mərkəzinin tikintisini də həyata keçirib. Təkliflər sorğusu metodu ilə reallaşan bu layihənin dəyəri 792 min 527 manat 27 qəpik idi.
Qeyd edək ki, "Platin-M" MMC 25 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb və 100 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.
Hüquqi ünvanı Xankəndi şəhəridir.










