ORDU MURSİ TƏRƏFDARLARINA SƏSLƏNDİ
Tarix: 5-07-2013, 10:31 |
Çap et
MİSİR BARIT ÇƏLLƏYİNİ XATIRLADIRMisir ordusu bəyanat yayaraq kütləvi aksiyaların qadağan olunmadığını və heç bir siyasi qüvvənin repressiyaya məruz qalmayacağını bildirib. İyulun 5-də yayılan bəyanatda yalnız yolların kəsilməsi, təşkilat və idarələrin işinin pozulması hallarına yol verilməyəcəyi vurğulanır. Hərbçilər siyasi qüvvələri qisasçılıqdan çəkinməyə də çağırıblar.
Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri Ədli Mənsur dövlət başçısı səlahiyyətləri əldə edib. Onun qarşısında müvəqqəti hökumət qurmaq, yeni konstitusiya qəbul etmək, parlament, prezident seçkiləri keçirmək öhdəliyi qoyulub.
Legitim prezident olduğunu vurğulayaraq ordunun qərarını qəbul etməyən Məhəmməd Mursi tutulub. Hakim “Müsəlman qardaşlar” hərəkatının, o cümlədən hərəkatın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının bir çox rəhbəri həbs edilib.
Hərbi çevrilişi dəstəkləyənlərlə Məhəmməd Mursi tərəfdarları arasında dünənki toqquşmalarda 30-dan çox adam həlak olub. İyulun 5-i səhər tezdən isə Sinay yarımadasında islamçılar bir neçə hərbi posta və Rafiah şəhərində polis şöbəsinə silahlı hücum edib. Bir hərbçinin və bir polisin öldürüldüyü bildirilir. \ mediaforum \