
Türkiyəli NDU məzunları deyirlər ki, “Naxçıvanda diplomu rüşvətlə almısan” şübhəsi ilə onları işə götürmürlər.
Onların sözlərinə görə, xüsusilə hüquq və tibb ixtisasları üzrə məzunların bilik səviyyəsinə şübhə ilə yanaşılır. Bu isə diplomların tanınması və uyğunlaşdırılması prosesində əlavə çətinliklər yaradır.
Məzunlar hesab edirlər ki, universitetdə qiymətlərin rüşvətlə yazılması və yetərli bilik qazanmadan diplom əldə olunması ilə bağlı uzun illərdir səslənən iddialar NDU-nun nüfuzuna ciddi zərbə vurub.
Məzunlardan Sərdar Kılıc deyir ki, bu mənfi reputasiya iş müsahibələrində onların qarşısına birbaşa maneə kimi çıxır:
“Universiteti bitirib Türkiyəyə qayıtdıqdan sonra iş axtarmağa başladım. Bəzi müsahibələrdə bizə Naxçıvanda təhsilin keyfiyyəti ilə bağlı suallar verilir, hətta bəzi hallarda diplomu rüşvətlə əldə etdiyimizə dair şübhələrin olduğu hiss olunur. Bu yanaşma bizim üçün çox ağırdır. İllərlə oxuyub diplom almışıq, amma özümüzü sübut etməyə məcbur qalırıq”.
Valideyn Mehmet Balaban isə problemin ailələr üçün həm maddi, həm də mənəvi itkiyə çevrildiyini bildirir:
“Övladımızın ali təhsil alması üçün böyük maddi vəsait xərcləmişik. İndi isə həm diplomun tanınması problemi, həm də məzunlara qarşı formalaşan mənfi münasibət onların iş tapmasına mane olur. Naxçıvanda oxuyub ali təhsilini başa vuranlara qarşı rüşvətlə diplom almaq iddiası var. Bu qədər vaxt itkisindən, əziyyətdən və çəkilən məsrəfdən sonra diplomları çöpə atmaq zorunda qalırıq”.
Şikayətçilərin sözlərinə görə, problem xüsusilə hüquq və tibb kimi ixtisaslarda daha ciddi hiss olunur:
“Diplom kağız üzərində var, amma işəgötürən sənin biliyinə şübhə ilə yanaşırsa, o diplomun çəkisi qalmır. Bizim problemimiz də budur. Hamını eyni gözlə görürlər, halbuki hər kəs diplomunu rüşvətlə almayıb”.
"Gündəlik Naxçıvan"
























