
Kənd Təsərrüfatı Nazirliyi istifadəsində azı 100 ha örüş-otlaq sahəsi, 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda hər heyvana görə 4 manat subsidiya verəcək. Bu qərarın ətin qiymətlərinə təsir edib-etməyəcəyi isə suallara səbəb olub.
Məsələ ilə bağlı Axar.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, bu subsidiya ət qiymətlərinə təsir göstərə bilər.
“Amma yalnız bu qərarın ətin ucuzlaşmasına səbəb olacağını demək çətindir. Çünki 500 və daha çox xırdabuynuzlu heyvanı olan təsərrüfatlara verilən subsidiya əsasən onların yem, saxlanma və digər xərclərini qismən azaltmağa kömək edəcək. Bu isə istehsal maya dəyərinin aşağı düşməsinə imkan yarada bilər.
Lakin ətin pərakəndə qiymətinə yalnız subsidiya deyil, heyvanların yem qiyməti, idxal, daşınma, kəsim və satış xərcləri, eləcə də bazardakı tələb-təklif nisbəti təsir edir.
Ona görə də subsidiya daha çox qiymət artımının qarşısını almağa və bazarda təklifin artmasına kömək edə bilər. Əgər dəstək nəticəsində heyvandarlığın genişlənməsi və qoyun-keçi sayının artması təmin olunarsa, orta və uzun müddətdə ətin qiymətinin müəyyən qədər ucuzlaşması mümkündür”, - o vurğulayıb.
Gələcəkdə subsidiyaların artması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Ramin Qurban isə qeyd edib ki, yeni qərarlar olsa, elan ediləcək.























