
Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İbrahim Əbilovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 2025-ci ildə Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindəki otaqda qeydə alınıb.
Belə ki, İbrahim Əbilov çarpayının günlük üç manat kirayə haqqını ödəməklə həmin otaqda yaşamağa başlayıb.
Təqsirləndirilən şəxslə eyni otaqda zərərçəkmiş Cəfər Nəbiyev (soyadı şərtidir) də yaşayıb.
Hadisədən əvvəl onların arasında otaqdakı idman alətləri ilə bağlı sözlü mübahisə yaranıb.
Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin idman alətlərini otaqdakı asılqanın bütün çıxıntılarından asdığını görüb. İbrahim həmin alətləri asılqandan götürməsini tələb edib. Bu məsələ tərəflər arasında narazılığa səbəb olsa da, həmin vaxt ciddi qarşıdurma baş verməyib.
Lakin bir neçə saat sonra vəziyyət yenidən gərginləşib.
Həmin gün saat 23 radələrində təqsirləndirilən şəxs çarpayıda uzanaraq mobil telefonundan səsli şəkildə istifadə edib. Cəfər ondan mobil telefondan səssiz istifadə etməsini tələb edib. İbrahim mobil telefonuna qulaqcıq qoşsa da, tərəflər arasında mübahisə davam edib.
Zərərçəkmiş şəxsin onunla kobud danışması nəticəsində aralarında yenidən mübahisə yaranıb. Bu zaman Cəfər İbrahimin üz nahiyəsinə sillə ilə vurub. Bundan hiddətlənən təqsirləndirilən şəxs onu öldürmək niyyətinə düşüb.
İttihama əsasən, İbrahim Əbilov zavod üsulu ilə istehsal edilmiş turist bıçağını götürüb, zərərçəkmiş şəxsin döş qəfəsi, qarın boşluğu, boyun və kürək nahiyələrinə ardıcıl zərbələr endirib. Nəticədə o, Cəfərə ümumilikdə 16 ədəd kəsilmiş-deşilmiş yara yetirib.
Məhkəmə materiallarında əksini tapan ekspertiza rəyinə əsasən, xəsarətlər zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrində qeydə alınıb.
Ümumilikdə 14 xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan yüngül zərər kimi qiymətləndirilib. Lakin digər 2 xəsarət daha ağır nəticələrə səbəb olub.
İttihamda qeyd edilib ki, İbrahim Cəfəri öldürmək niyyətini həyata keçirməyə çalışsa da, hadisə zamanı həmin ünvanda yaşayan digər şəxs fiziki müdaxilə edib. Həmin şəxsin müdaxiləsi nəticəsində təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəbdən cinayət başa çatmayıb.
Beləliklə, Cəfər həyatdan məhrum edilməyib.
İstintaqın və məhkəmənin qiymətləndirməsinə əsasən, təqsirləndirilən şəxsin hərəkətləri zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd kimi tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Əbilov cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
























