Kimsənin ixtiyarı yoxdur, evindən oturub bir qəhrəman anasına həddini bildirsin. Dövlət və onun qanunları insanlara həddi göstərməyə yetər. Lazım olanda da dövlət hər kəsə ona uyğun olan dildə yeri göstərir. Bəzən ədalətli olmayan və ya belə görünən qərarlar ola bilər. Ancaq bu dövlət oyuncaq deyil. İndiyədək havadan, sudan gəlib buralara çıxmayıb. Canını bu Vətənə qurban verənlərin əmanətinə bizlərdən öncə Dövlət baba sahib çıxır. Onlara qəlblərini incitmədən yolu da dövlət göstərməlidir. Gənc yaşda qəzadan övlad itirən çoxdur, amma şəhidin anası qurban verəndir. İnsan səhvsiz olmur. Qüsuru varsa, bu da Dövlətin biləcəyi işdir. Bu gün imkan verilsə ki, bir şəhidin ailəsi ilə necə gəldi davranılsın, sabah ondan böyük zərərlə dövlətimiz çıxar. Bu həssas məslələrdə kimsə hoqqa verməməlidir. Buna şərait də yaradılmamalıdır. Bizim tarixmiz var, bizim adətlərimiz var və bu məmləkət həmişə insanının insanına olan münasibəti ilə seçilib. Dəyərlər dağılıb gedir, aydındır. Hər şeyə dil uzatmaq mümkündür, bu da aydındır, amma toxunulmaz dəyərlərə çatanda qırmızı işığı saxlamaq lazımdır. Hər kəs bilməlidir ki, bu müzakirə mövzusu deyil. Azadlıq hüdudsuzluq deyil! Cəsarətinizi nümayiş etdirmək üçün yüzlərlə misal çəkib göstərəcəyim yer var. Əmanətlərin nazı da, ərköyünlükləri də, yeri gələndə kobud olsalar belə çəkilməlidir. Cinayət əməli varsa, dövlət hüquqi qiymətini verəcək. Humanist yanaşa bilər, amma məsuliyyətdən kənarda kimsəni saxlamaz. Bu mövzunu gündəmə gətirməkdən çox, gündəmdən çıxarmaq lazımdır. Zərərli mövzudur...
Səbuhi Axundov - hüquqşünas
"DİA-AZ"























