
ABŞ Ədliyyə Nazirliyi kəşfiyyat ictimaiyyətinin üzvlərinin Prezident Donald Trampa qarşı mümkün əlbirliyi ilə bağlı araşdırmanı fəallaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, nazirlik ABŞ-nin bir neçə keçmiş rəsmisindən Floridada böyük münsiflər heyəti qarşısında ifadə vermələrini tələb edib. AP qeyd edir ki, çağırış vərəqələrinin göndərilməsi təxminən bir ildir davam edən istintaqın fəallaşdığını göstərir.
Araşdırmanın istiqamətlərindən biri ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı irəli sürdüyü iddiaları və Amerika hökumətinin həmin məlumatlara reaksiyasını əhatə edir. Ədliyyə Nazirliyi kəşfiyyat ictimaiyyətinin bəzi üzvlərinin Trampa qarşı əlbir olması və onun hüquqlarının pozulması ehtimalını araşdırır.
Qeyd edək ki, 2025-ci ilin avqustunda ABŞ-nin o zamankı baş prokuroru Pem Bondi Rusiyanın 2016-cı il seçkilərinə ehtimal olunan müdaxiləsi ilə bağlı ittihamların araşdırılmasına göstəriş vermişdi.
ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Tulsi Qabbard isə 2025-ci ilin iyulunda yaydığı hesabatda Barak Obama administrasiyasını 2016-cı il seçkilərindən sonra Rusiyanın müdaxiləsi ilə bağlı kəşfiyyat məlumatlarını manipulyasiya etməkdə ittiham etmişdi.
























