
"Beşiktaş" - "Hapoel" (Beer Şeva) matçını UEFA neytral meydançada oynanılması qərarını verib. Səbəb kimi təhlükəsizlik məsələləri göstərilib. Qarşılaşma böyük ehtimalla Gürcüstanda, Batumi şəhərində oynanacaq.
Ötənlərdə bir dəfə də belə olmuşdu və həmin "Beşiktaş" yenə İsrail təmsilçisiylə qarşılaşmış, matç Macarıstanda oynanılmışdı ("Makkabi" 3:1 hesabı ilə qalib gəlmişdi). Tamamilə azarkeşsiz. Yəni türk, nə də yəhudi tərəfdarlara tribunalarda yer almaq icazəsi verilməmişdi. Batumidə də belə olacaq.
Mənə maraqlıdır ki, niyə "Beşiktaş" Azərbaycana müraciət etmir bu matçlarla bağlı? Bunun üçün ideal yer bizik. Türkiyə qardaşımızdır, İsraillə də dostluq münasibətlərimiz var və bu ikili statusa malik nadir, bəlkə də yeganə ölkəyik. Ölkədə azı "Bəhramov"u dolduracaq qədər "qartal" tərəfdarı var, komanda nəinki dəstəksiz qalmayacaq, əksinə özünü evində oynayırmış kimi hiss edəcək. Beerşevalılar da rahat ola biləcəklər, çünki onlara düşmən gözü ilə baxmırıq. Bunu son olaraq elə öz çempionumuz "Sabah"ın oyununda gördük. Heç bir təhlükəsizlik problemi yaşanmadı, maraqlı, rəqabətli, yaxşı bir matç izlədik. Yenə də təkrarlamaq olar.
Bir də bir şey: bu məsələ bu qədər ciddidirsə, Türkiyə və İsrail komandaları üz-üzə gəlməsinlər, UEFA buna püşkdə imkan verməsin. Necə ki, biz və ermənilər, rus və ukraynalılar, digərlərinə bu imkan yaradılmır, bunları "bir səbətə" qoymasınlar, bağlansın, bitsin bu məsələ.
Kənan Məstəliyev - "DİA-AZ"
























