SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub.
Banker.az xəbər verir ki, “AZFEN” MMC-nin Direktorlar Şurasının üzvləri Hakan Sadık Göral və Hakan Dündar müvafiq vəzifələrindən ayrılıblar.
Onları bu vəzifədə Erdem Şair və Serhat Pütürgeli əvəz edib.
Hazırda AZFEN-nin Direktorlar Şurası sədrlə birlikdə 5 nəfərdən ibarətdir. Onun üçü Azərbaycan, ikisi isə Türkiyə tərəfdən təmsil edilir.
“Azfen” MMC 2025-ci ili 215.8 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 25.91 mln. manat xalis zərər açıqlamışdı. “Azfen”nin müştərilərlə müqavilələrdən əldə etdiyi gəlirləri 113.1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 50.2% çoxdur. Müqavilə xərcləri isə 112.79 mln. manata yüksələrək 14.1% artıb. Nəticədə, 2024-cü ildə 23.66 mln. manat olan ümumi zərər 2025-ci ildə 309.7 min manat ümumi mənfəətlə əvəzlənib.
Xatırladaq ki, “Azfen” MMC 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Tekfen İnşaat ve Tesisat A.Ş.” tərəfindən birgə müəssisə kimi yaradılıb. Səhmdarlıq strukturu üzrə pay bölgüsü müvafiq olaraq 60% və 40% təşkil edir. 2025-ci ildə orta hesabla 1 417 nəfər işçisi olub. 2024-cü ildə bu göstərici 1 211 nəfər idi ki, bu da illik müqayisədə 17.0% artım deməkdir.











