"Tramp dəhlizi" ilə bağlı təhdidlərin artdığı dövrdə erməni ordusunda yerdəyişmə suallar doğurur - hazırlıq, yoxsa...
Ermənistan ordusunda baş verən son yerdəyişmə ölkənin cənubunda yerləşən Sünik vilayətinə (Zəngəzur) diqqəti yenidən artırıb. Erməni mediası xəbər verir ki, Artaşat şəhərində yerləşən hərbi hissələrdən birinin bölməsi Müdafiə Nazirliyinin qərarı ilə Sünikə köçürülüb. Ermənistan Müdafiə Nazirliyi bölmənin Artaşatdan başqa əraziyə köçürüldüyünü təsdiqləyib. Lakin nazirliyin mətbuat katibi bölmənin konkret olaraq hara yerləşdirildiyini açıqlamayıb. Məlumata görə, bölmə yeni tikilmiş və Avropa standartlarına uyğun hərbi hissəyə köçürülüb.
Sünikdə yeni hərbi hissənin istifadəyə verilməsi və başqa bölgədə yerləşən hərbi bölmənin buraya köçürülməsi təsadüfi proses kimi görünməyə bilər. Ermənistan ordusu son illərdə ciddi islahat və modernləşmə prosesindən keçir. May ayında keçirilən hərbi paradda da Ermənistanın Fransa, Hindistan və digər tərəfdaşlardan əldə etdiyi hərbi texnika və sistemlər nümayiş etdirilmişdi. Bu, ordunun müdafiə imkanlarının yenilənməsi istiqamətində daha geniş prosesin getdiyini göstərir. Sünikdə hərbi mövcudluğun gücləndirilməsi xüsusilə Azərbaycanla Ermənistan arasında kommunikasiya məsələsinin gündəmdə olduğu bir dövrə təsadüf edir. Azərbaycan üçün əsas məsələlərdən biri Naxçıvanla quru əlaqəsinin təmin edilməsidir. Ermənistan ərazisindən keçəcək kommunikasiyalarla bağlı razılaşmalar isə Sünikin strateji əhəmiyyətini daha da artırır.
İrəvan Sünikdə nə hazırlayır? Ən mühüm məsələ məhz budur. Sünik Ermənistanın digər bölgələrindən fərqli olaraq həm Azərbaycanla sərhəddə yerləşir, həm Naxçıvan istiqamətinə çıxış verir, həm də regionun gələcək nəqliyyat xəritəsində mühüm mövqeyə malikdir. Ona görə də burada hərbi infrastrukturun yenilənməsi və şəxsi heyətin artırılması yalnız adi ordu islahatı çərçivəsində qiymətləndirilməməlidir. Xüsusilə yeni tikilmiş və Avropa standartlarına uyğun hərbi hissənin istifadəyə verilməsi bu addımın adi yerdəyişmədən daha geniş planın tərkib hissəsi ola biləcəyini göstərir.
İkinci bir tərəfdən son günlər İran yenidən ən müxtəlif səviyyələrdə Zəngəzur dəhlizinin Tehran üçün “qırmızı xətt” olduğunu təkrarlamağa başlayıb. İran Zəngəzur dəhlizində son baş verən proseslərə yenidən ağrılı reaksiyalar verməyə başlayıb. Tehran xüsusilə ABŞ-nin regionda artan iştirakından və TRIPP layihəsinin reallaşmasından narahatdır. İran diplomatlarının son açıqlamaları isə bu narahatlığın artıq diplomatik xəbərdarlıq səviyyəsindən emosional ritorikaya keçdiyini göstərir.
Musavat.com xəbər verir ki, İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin Ermənistan mediasına müsahibəsində ölkəsinin İrəvanla münasibətlərinə üçüncü dövlətlərin müdaxiləsinə imkan verilməməli olduğunu bildirib.
Diplomat xüsusilə “şeytanlardan ehtiyat etmək” çağırışı ilə diqqət çəkib.
Hərbi təhlilçi Ramil Məmmədli hərbi hissə dəyişikliyini formal olaraq rotasiya kimi qiymətləndirsə də, siyasi aspektlərinin olduğunu da istisna etmir.
Az əvvəl Ermənistan Baş Qərargah rəisinin Azərbaycanla sərhədə gəldiyini xatırladan Ramil Məmmədlinin sözlərinə görə, söhbət hər hansı eskalasiyadan getmir, sadəcə, fon yaradılır: “Ermənistanda bəzi qüvvələr şayiələr yayır və propoqanda aparır ki, guya Qərbi Zəngəzur əraziləri Azərbaycanın nəzarətinə keçəcək. Bu təbliğatda media və radikal-daşnak qüvvələr iştirak edir. Onlar Qərbi Zəngəzurun bəzi ərazilərinin gah delimitasiya yolu, gah hərbi güc tətbiq etməklə Azərbaycanın kontroluna keçəcəyini iddia edirlər. Ona görə də Ermənistan Müdafiə Nazirliyi bəzi yerdəyişmələr həyata keçirir ki, cəmiyyətdə gedən təbliğat təşvişə gətirib çıxarmasın. Belə desək, psixoloji əndişəni aradan qaldırmaq niyyəti var. Çünki Sünik dedikləri bölgədə yaşayan əhalini qorxudurlar ki, Paşinyan hakimiyyəti Bakı ilə anlaşıb, onları köçürəcəklər, əraziləri təhvil verəcəklər. Bu baxımdan, hərbi hissənin köçürülməsində əhalini sakitləşdirmək hədəfi ola bilər”.
Hərbi şərhçi hesab edir ki, bu prosesdə İran faktoru isə son həftələr daha qabarıq görünməyə başlayıb: “SEPAH generalları, İranın Ermənistandakı səfiri, şovinist mətbuat ardıcıl olaraq bəzi təhdidlər yağdırır, hətta "Tramp yolu"na zərbə endirməklə hədələyirlər. Halbuki İranda hakimiyyətin digər qanadına bağlı media yazır ki, Tehran və İrəvan anlaşıb, Zəngəzur dəhlizi ilə bağlı hər hansı anlaşılmazlıq qalmayıb. Bu da göstərir ki, iki mövqe toqquşur və dəhlizlə bağlı ciddi bir proses gedir. Ancaq burada Rusiya amilini də nəzərdən qaçırmaq olmaz. Beləliklə, bu məsələdə üçbucaq var: daxildə anti-Paşinyan qüvvələri, xaricdə Rusiya və İran. Lakin beynəlxalq dəstək, xüsusən Tramp hakimiyyətinin zəmanəti Ermənistan iqtidarını daxili və xarici təhdidlərdən qoruya bilər".
Ramil Məmmədlinin fikrincə, Zəngəzurda hərbi baza qurulmasına zərurət yoxdur, çünki Azərbaycan bu bölgəyə Naxçıvana quru keçid üçün logistika kimi yanaşır: “Amma ABŞ İranın təhdidlərini, Rusiyanın mümkün təxribatlarını nəzərə alaraq Ermənistandan belə bir təhlükəsizlik tədbirləri istəyə bilər. Çünki regionda ABŞ şirkəti fəaliyyət göstərəcək. Hətta o şirkətin təhlükəsizliyinin təminatı üçün amerikalı hərbçilərin və kəşfiyyatçıların mühafizəçi statusu altında bölgəyə yerləşdirilməsi mümkündür. Onsuz da İrəvandakı səfirlikdə iki min amerikalı yerləşdirilib və heç də onların hamısı diplomat deyil...”
Qeyd edək ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın tranzit və geosiyasi balansını dəyişə bilər. Bu barədə İranda yayınlanan “Fars News” saytında dərc edilmiş “Trampın İran və Rusiya üçün Zəngəzur planının detalları” adlı məqaləsindəndir. Sayt qeyd edib ki, Tehran üçün məsələ təkcə Ermənistan ərazisində yol və ya dəmir yolunun çəkilməsi deyil. “Marşrutun hüquqi statusu, idarəetmə mexanizmi və İranın Ermənistanla quru əlaqələrinə mümkün təsiri əsas məsələlərdir”.
“Fars News” yazıb ki, Zəngəzur layihəsi İran üçün həm imkan, həm də risk yaradır. “Yeni marşrutların inkişafında İranın mövqeyi zəifləyərsə, ölkə Cənubi Qafqazın tranzit və kommunikasiya şəbəkəsində əvvəlki təsir imkanlarının bir hissəsini itirə bilər”. Sayt sonda qeyd edib ki, Zəngəzur məsələsi İran üçün “Qafqazda kor nöqtə”dir. “Tehranın layihəyə yalnız siyasi reaksiyalarla deyil, uzunmüddətli tranzit və regional strategiya ilə yanaşmalıdır”.
SEPAH adından isə Zəngəzur dəhlizi ilə bağlı açıqlama yayılıb. Hərbi birlikdəki mənbə “İravunk” qəzetinə deyib ki, İranın Ermənistandakı dostlarının narahat olmasına ehtiyac yoxdur. SEPAH bəyan edib ki, dəhliz açılmayacaq. “Hörmüzü aça bilməyən eyni adam Qafqazda dəhliz açmağa çalışmayacaq. Onların Ermənistana səfərləri sadəcə nümayişdən başqa bir şey deyil. Zəngəzur dəhlizi yalnız İranın və bölgənin əsl sahiblərinin maraqlarına xidmət etdiyi təqdirdə açılacaq”.
Yada salaq ki, ABŞ Dövlət Departamenti tərəfindən Zəngəzur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan “Tripp+ Enterprise Fund” fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub.






















