“ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına nəzarət məsələsində israrı İran üçün gözə barmaq soxmaq deməkdir və Tehrana bura nəzarət etmədikləri mesajını verir”.
Teleqraf xəbər verir ki, bunu İsrail Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, hərbi analitik Eliezer Marom bildirib.
O qeyd edib ki, Tramp bu yanaşması ilə İranın son strateji rıçağını da əlindən alır: “Vaşinqton diqqətini iqtisadi təzyiqə yönəldib. Amerikalılar ordunu kənara çəkərək, işi maliyyə və energetika nazirlərinə həvalə ediblər. Məqsəd İran iqtisadiyyatını boğmaqdır”.
Marom vurğulayıb ki, ABŞ-nin energetika naziri Amerika Hərbi Dəniz Qüvvələri ilə birlikdə regionun digər ölkələrinin neftini Bəsrə və Oman körfəzləri vasitəsilə çıxarmağa çalışır. Onun sözlərinə görə, ABŞ nefti həm boru kəmərləri vasitəsilə, həm də Oman sahillərinə yaxın hərəkət edən kiçik tankerlərlə Bəsrə körfəzindən çıxarmağa nail olub.
Analitik əlavə edib ki, bu addımlar İranı ciddi şəkildə qəzəbləndirib:
“Elə bir vəziyyətdəyik ki, iranlılar baş verənlər qarşısında sakit qala bilməzlər. Ya danışıqlar masasına qayıdacaqlar, ya da nəzarətsiz addımlar atmağa başlayacaqlar. Dünən Birləşmiş Ərəb Əmirliklərinə hücum gördük. Görək, bu vəziyyət hara gedib çıxacaq”.











