Cənubi Qafqazda nəqliyyat-kommunikasiya layihələri ətrafında gedən geosiyasi proseslər regionun əsas müzakirə mövzularından biri olaraq qalır. Bu layihələrin reallaşması təkcə iqtisadi və logistika imkanları ilə deyil, həm də regional və beynəlxalq aktorların maraqlarının uzlaşdırılması baxımından qiymətləndirilir.
Bəs Ermənistan rəsmilərinin TRIPP layihəsi ilə bağlı İranla razılıq əldə olunduğunu və regional gərginliyin bu prosesə təsir göstərməyəcəyini bəyan etməsi hansı mesajları verir?
Bu açıqlamalar layihənin icrası istiqamətində real siyasi irəliləyişin göstəricisi sayıla bilərmi, yoxsa prosesin qarşısında hələ də geosiyasi və diplomatik maneələr qalmaqdadır?
Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Züriyə Qarayeva açıqlama verib.
Siyasi şərhçi bildirib ki, Ermənistan rəsmilərinin TRIPP layihəsi ilə bağlı İranla müəyyən anlaşmanın olduğunu və regional gərginliyin layihənin icrasına mane olmayacağını bildirməsi, ilk növbədə, İrəvanın Tehranı bu prosesin onun strateji maraqlarına qarşı yönəlmədiyinə inandırmaq cəhdi kimi qiymətləndirilə bilər:
"İran uzun müddətdir regionda sərhədlərin və geosiyasi balansın dəyişdirilməsinə həssas yanaşır. Buna görə Ermənistan üçün TRIPP-in İranın təhlükəsizlik və tranzit maraqlarına təhdid yaratmadığını nümayiş etdirmək vacibdir. Eyni zamanda belə açıqlamalar İrəvanın layihəni siyasi müzakirə mərhələsindən praktiki mərhələyə keçirmək niyyətini göstərir. Xüsusilə marşrut üzrə texniki-iqtisadi əsaslandırma və digər hazırlıq işlərinin aparılması layihənin artıq yalnız siyasi bəyanat səviyyəsində qalmadığını deməyə əsas verir.
Bununla belə, bu açıqlamaları TRIPP qarşısındakı bütün siyasi maneələrin aradan qalxması kimi qiymətləndirmək tezdir. Layihə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, İranın regional maraqları, ABŞ-İran münasibətlərindəki gərginlik, eləcə də Rusiya və digər regional aktorların Cənubi Qafqazdakı maraqları ilə kəsişir. Xüsusilə ABŞ-ın layihədə artan rolu Tehran üçün həssas məsələ olaraq qalır və İranın prinsipial mövqeyi layihənin konkret hüquqi və təhlükəsizlik mexanizmlərindən asılı olacaq.
Buna görə hazırkı mərhələdə müəyyən siyasi irəliləyişdən danışmaq mümkündür, lakin TRIPP-in tam reallaşması üçün tərəflər arasında etimadın möhkəmləndirilməsi, hüquqi və texniki mexanizmlərin razılaşdırılması və regional güclərin maraqları arasında işlək balansın yaradılması hələ də əsas şərtlər olaraq qalır".









